14 oktyabr 2022-ci il tarixdə Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət başçıları Şurasının iclası keçirildi. Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedov gündəlikdə duran məsələlər barədə məlumat verdi. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. Qazaxıstan Prezidentini salamlayaraq sözə başlayan cənab Prezident ölkəmizin taleyi ilə bağlı mühüm məsələlərə toxundu. İlham Əliyev Qarabağda baş verən son hadisələrdən, regionda yaranan vəziyyətdən, Minsk Qrupunun səmərəsiz fəaliyyətindən danışdı.
Qarabağ münaqişəsinin həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupu 28 ildə heç bir nailiyyət əldə etməmişdi. Buna görə də İlham Əliyev çıxışında ilk olaraq bu məsələyə toxundu. O, Minsk qrupunun nəticəsinin sıfıra bərabər olduğunu vurğuladı. Bu qrupun əsas məqsədlərinin münaqişənin həll olunması yox, onun dondurulması olduğunu bildirən cənab İlham Əliyev artıq münaqişənin qalmadığını, uğurla həll olduğunu bildirdi. Bu haqda danışarkən bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq bu məsələni həll edib.
Əlbəttə ki, Qarabağ məsələsindən söz açılmışkən Prezident İlham Əliyev regionda baş verən son hadisələr barəsində də danışdı. Sentyabr ayında sərhəddə silahlı toqquşmaların baş verdiyini və bunun səbəblərini açıqladı. Həmin hadisələri Azərbayacana qarşı bir terror adlandıran İlham Əliyev bunun davam etdiyini bildirdi. O, burada mina və snayper terrorunu nəzərdə tuturdu. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 250-dən çox vətəndaşımızın, hətta mülki şəxslərin işğal dövründə basdırılan minaların qurbanı olduğunu qeyd edən İlham Əliyev bu terrorun qarşısının alınmasının vacibliyini vurğulayıb. Azərbaycanı işğalçılıqda günahlandıran tərəfləri nəzərdə tutaraq bildirdi ki, ordumuz Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb, nə bir kənd, nə bir şəhər işğal olunub.
Həmin ayın 6-da “Avropa siyasi birliyini”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və İlham Əliyevin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Bu görüş haqqında da danışan İlham Əliyev danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Daha sonra sayın 50 nəfər olduğunu və onların 2 ay orada qalacaqlarını vurğuladı. Burada məqsədin tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək olduğunu bildirən cənab Prezident həmin missiyanın Azərbaycan tərəfinə göndərilməsinə qəti şəkildə razılıq vermədiyini dedi.
İlham Əliyev Fransa dövlətinin qərəzli münasibətinə də fikir bildirdi. Cənab Prezident Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti olmadığını, Fransanın ATƏT-in Minsk qrupu həmsədri kimi keçmişdə vəzifələrinin olduğunu və bunun artıq bitdiyini, Fransanın bu görüşdə iştirakının sadəcə Azərbaycan tərəfinin xoş məramı ilə bağlı olduğunu, lakin bu xoş niyyətə baxmayaraq Fransa Prezidentinin görüşdən sadəcə bir həftə sonra qəbulolunmaz, yalan və təxribat xarakterli çıxışını təəssüflə xatırladan İlham Əliyev faktların manipulyasiya edildiyini, bu çıxışın Fransa və dünya ictimaiyyətini çaşdırdığını vurğuladı. Qeyd etməliyik ki, Fransa Prezidenti Qarabağ müharibəsi zamanı etdiyi kimi yenə Azərbaycanı Ermənistana qarşı dəhşətli müharibə törətməkdə ittiham edərək öz çirkin niyyətini elan etmişdi.
Eyni zamanda çıxışında müharibədən sonra Qarabağda işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə də yer verdi. On min kvadratkilometrlik ərazidə bir salamat binanın qalmadığını bildirən cənab Prezident 65 məscidin yerlə-yeksan olmasını, müsəlmanların müqəddəs yerlərinin təhqir olunmasını, məscidlərdə inək, donuz saxlanmasını həm Azərbaycan xalqına, həm də bütün müsəlman dünyasına qarşı ermənilərin ifrat dərəcədə nifrətindən xəbər verdiyini bildirdi.
2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə bağlanan üçtərəfli Bəyanatdan söz açan İlham Əliyev Azərbaycan tərəfinin Bəyanatın bütün müddəalarına əməl etdiyini, Ermənistanın isə hələ də özünə aid olan məsələləri icra etmədiyini vurğuladı. Həm də qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etməyərək hüquqi öhdəliyini yerinə yetirmir, həmçinin Azərbaycan ərazisindən öz silahlı qüvvələrini çıxarmayaraq vəziyyəti daha da çətinləşdirir. İlham Əliyev bu iki halın qarşısı alınmasa, Azərbaycan tərəfinin səbrinin daşacağını və adekvat tədbirlər görüləcəyini bildirdi.
Sonda İlham Əliyev öz mövqeyinin aydın olduğunu qeyd edərək bildirdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu məsələ ilə bağlı hər hansı bir müzakirə etməyi planlaşdırmır. Hətta tolerant davranaraq, erməni əhalisinin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəyini vurğuladı.
Cənab İlham Əliyev çıxışının sonunda iştirakçılara təşəkkür edərək bildirdi ki, haqqında danışdığı məsələlər barədə məlumat vermək zəruri idi, çünki müxtəlif versiyalar ictimaiyyəti çaşdırır və yeganə həqiqi versiyanı öyrənmək hamının haqqıdır.
Rahilə Hüseyn
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi