Böyük dövlətlərin himayəsi altında tarixi torpaqlarımızda məskunlaşan ermənilər XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı milli və dini zəmində kütləvi qırğınlar törətmiş, dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasına qapılmışdılar. Bu xülyanın gerçəyə çevrilməsi üçün dünya erməniliyi tam gücü ilə səfərbər olmuşdur. Bolşeviklərin əli ilə tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı qondarma dövlət yaradıldıqdan sonra ermənilər ən müxtəlif adlar altında azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti yürütməyə başladılar. 1948-53, 1988-ci illərin deportasiyaları, Birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı, işğal olunmuş ayrı-ayrı yaşayış məntəqələrimizdəki kütləvi qətliamlar bunlara əyani misaldır.
Qərbin və qonşuların oxşar siyasəti
Çox təəssüflər olsun ki, zaman-zaman dünyanın gözü qarşısında baş verən bu hərbi-siyasi, bəşəri cinayətlər, işğal faktoru beynəlxalq ictimaiyyətin sərt qınağına tuş gəlməyib. Amma elə ki xalqımız özündə güc tapıb işğalçıya qarşı ciddi müqavimət göstərib, dərhal erməni hamiləri Azərbaycan üzərinə “Səlib yürüşü”nə başlayıb, ölkəmizə müxtəlif yollarla təzyiq göstərməyə çalışıblar. Təsəvvür edin, Birinci Qarabağ savaşında Ermənistanın işğalına məruz qalan, əhalisi qətlə yetirilən, 20 faiz ərazisi zəbt edilən Azərbaycana qarşı, özünü superdövlət, demokratiyanın beşiyi hesab edən ABŞ tərəfindən bədnam 907-ci düzəliş tətbiq edilib. Bununla da düşmən hücumundan müdafiə olunan Azərbaycana Qərbin silah-sursat yardımı məhdudlaşdırılıb. Okeanın o tayındakılarla yanaşı, Şimal və Cənub qonşularımız da Ermənistana silah-sursat peşkəş etməklə, iqtisadi yardımlar göstərməklə ermənipərəstliklərini, qonşuluq münasibətlərinə yaraşmayan xislətlərini ortaya qoyublar.
Ulu öndərin məcburi köçkünlərə verdiyi söz
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra səfərbər olan Ordumuz uğurlu Horadiz əməliyyatına başlayıb işğal altındakı yaşayış məntəqələrini düşməndən azad edən kimi dərhal dünya gücləri atəşkəs sazişinin imzalanması barədə çağırışlar etdilər. O dövrdə Azərbaycan iqtisadiyyatının zəifliyini, 1 milyona yaxın qaçqın və məcburi köçkün amilini, ölkənin uzunmüddətli müharibə aparmaq gücündə olmadığını, həmçinin vaxt qazanaraq Ordunu gücləndirməyin zəruriliyini anlayan ulu öndər Heydər Əliyev 1994-cü ildə atəşkəsə razılıq verdi. Amma bu, əsla işğal faktoru ilə barışmaq, tarixi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına şərait yaratmaq deyildi. “Əsrin müqavilə”sini imzalamaqla, Qərb investisiyasını ölkəmizə cəlb etməklə uğurlu neft strategiyasına start verən, ölkənin iqtisadi intibahı naminə hərtərəfli islahatlara başlayan ümummilli lider, o dövrdə ordu quruculuğu istiqamətində də mühüm addımlar atdı. Məcburi köçkünlər qarşısında çıxış edərkən, “Gün gələcək biz sizinlə Şuşada, Laçında, Kəlbəcərdə bayram edəcək, görüşlər keçirəcəyik” söyləyən ulu öndər Heydər Əliyev bununla Azərbaycan xalqının işğalla barışmayacağını bütün dünyaya mesaj verirdi.
Münaqişəni dondurmağa hesablanan vasitəçilik
Ulu öndərin siyasi məktəbinin layiqli yetirməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu kurs uğurla davam etdirildi. İqtisadi və hərbi qüdrətinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan hər vasitə ilə torpaqlarını işğaldan azad etməyə çalışırdı. “Bizim səbrimiz tükənməz deyil” söyləyən Prezident İlham Əliyev təmkinlə siyasi-diplomatik danışıqlarda iştirak edir, Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, sülh yolu ilə həllinə çalışırdı. Ancaq bu zaman da dünya erməniliyi ATƏT-in Minsk qrupu cildində qarşımızda zühur edir, Fransa, ABŞ, Rusiya təmsilçiləri heç bir mənası olmayan, yalnız vaxt uzadan, münaqişəni dondurmağa hesablanan vasitəçilik edirdilər.
Qətnamələrin icrası təcavüzkardan tələb edilmədi
Elə ki Azərbaycan bu mənasız danışıqlardan bezib 2016-cı ilin aprel, 2018-ci ilin may, 2020-ci ilin iyul aylarında Ermənistanın təxribatlarına layiqli cavab verərək düşməni ağır itkilərə məruz qoydu, dünya erməniliyi yenə aktiv fazaya keçdi. Azərbaycanın ünvanına iftiralar, mənasız bəyanatlar, təzyiq və təhdidlər səsləndirildi. Dərhal döyüşlərin dayandırılması, danışıqlar masası arxasına keçmək çağırışları eşidildi. Dünya əvvəlki kimi yenə kar, kor, lal olub ölkəmizin özünü müdafiə etməsini görməzdən gəlməyə başladı. BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinin icrasını da heç bir dünya dövləti, o cümlədən bu qətnamələrdə imzası olan ABŞ, Fransa, Rusiya təcavüzkardan tələb etmədi.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun addım
Bu danışıqların effekt vermədiyini, dua oxumaqla donuzun darıdan çıxmadığını görən Azərbaycan, Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixində bütün cəbhə boyu əks-hücuma keçdi. Cəmi 44 gün ərzində Silahlı Qüvvələrimiz böyük rəşadət göstərərək döyüş meydanında 300-dən artıq yaşayış məntəqəmizi azad etdi, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşada üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandırıldı. Beli qırılan, ordusu darmadağın olan Ermənistan kapitulyasiya aktına qol çəkərək Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan boşaltdı. Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında söylədiyi kimi, bununla da Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi.
Hər bir təxribatın qarşısı alınacaq
Maraqlı və yenə də təəssüf doğuran məqam bundan ibarətdir ki, dünya erməniliyi indi də Fransanın timsalında Azərbaycana qarşı yeni cəbhə açmağa çalışır. Əslində isə elə köhnə cəbhəni aktivləşdirir. Çünki Fransa münaqişənin tarixi ərzində həmişə birmənalı olaraq işğalçının – Ermənistanın himayəçisi olub. Dağlıq Qarabağ münaqişəsinin bitməsinə, artıq bu problemin tarixin arxivinə atılmasına baxmayaraq, Fransa prezidenti Emmanuel Makron, eləcə də Fransanın xarici işlər naziri, ayrı-ayrı siyasətçiləri və digər rəsmi şəxsləri birtərəfli, təxribatçı bəyanatlar verir, həqiqətləri təhrif edərək erməni maraqlarını təmin etməyə çalışırlar. Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiyi kimi, indi də Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bütün bu faktlar Azərbaycanın son 30 ildə, sadəcə Ermənistanın təcavüzündən müdafiə olunmadığını, ümumilikdə dünya erməniliyi, erməni diaspor təşkilatları, onların təsiri altında olan ölkələr, həmçinin ermənipərəst siyasətçi və diplomatlarla bütün cəbhələrdə mübarizə apardığını ortaya qoyur. Amma mənasız mübarizədir. Azərbaycan Prezidenti Astanada ermənilərin bütün himayədarlarına bir daha mesaj verdi: Azərbaycanın milli maraqları qətiyyətlə qorunacaq. Şübhə yoxdur ki, haqqa və ədalətə, beynəlxalq hüquqa, “Dəmir yumruğ”una, şərəfli tarix yazan Şanlı Ordusuna, Müzəffər Ali Baş Komandanına arxalanan Azərbaycan xalqı və dövləti milli maraqlarına qarşı yönələn hər bir təxribatın qarşısını qətiyyətlə alacaq.
Xanımqız Muxtarova
Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi