Infoteka.az
Sosial

Bakıda 2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması nəzərdə tutulur

2040-cı ilədək dairəvi metro şəbəkəsinin tamamlanması nəzərdə tutulur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunub ki, əks istiqamətlərdə də eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsinin yaradılması, relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması, relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi, metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması nəzərdə tutulub. Bundan başqa relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması, mövcud xətlərin uzadılması (bənövşəyi xətt), yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması, “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi şəbəkənin inkişaf etdirilməsi nəzərdə tutulur.

Baş planda qeyd olunur ki, 2030-cu ildən sonrakı dövrdə relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün ilkin şəraitin yaradılması nəzərdə tutulur. “28 May” metrostansiyası ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitin yaradılması və 2030-cu ilədək tamamlanması nəzərdə tutulur.

Infoteka.az