Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ulu öndər Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Polkovnik A.Qurbani Həzi Aslanovun mənalı həyatı, qəhrəmanlığı və İkinci Dünya müharibəsindəki xidmətlərindən danışarıq vurğulayıb ki, onun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.
Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanov istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.