Milli Azərbaycan Tarixi Muzeyində bir müddətdir ki, yalnız Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət etmək mümkündür. Muzeyin rəsmi internet saytında bunun muzeydə gedən bərpa və yenidənqurma işləri ilə əlaqədar olduğu qeyd edilib.
Uzun illər Milli Azərbaycan Tarixi Muzeyi kimi fəaliiyyət göstərən muzeydə 2007-ci ildə 9 otaqdan ibarət Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yaradılıb. Ölkə başçısının sərəncamı ilə muzeydə 2004 və 2007-ci illərdə əsaslı təmir-bərpa işləri aparılıb. Azərbaycan və italyalı mütəxəssislər sarayın otaqlarını və eksponatları Tağıyevin ailə fotoalbomuna əsasən yenidən bərpa ediblər.
Həmin vaxt muzeyin bərpasına konkret olaraq nə qədər vəsaitin xərcləndiyi deyilməsə də, muzey ekspoziyasının bərpasını həyata keçirən şirkətin İtaliyaya məxsus «ELECA» firması olduğu məlum oub. Muzey rəhbəri mətbuata açıqlamasında görülən işlərə böyük vəsaitin ayrıldığını deyib.
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də təmir işlərində iştirak edib. “Azəraqrartikinti” səhmdar cəmiyyətinin İncəsənət Muzeyinin təmiri üçün keçirilən tenderdə qalib olduğu və təmir üçün 31 milyon manat vəsaiti qazandığı da məlumdur.
2020-ci ildə yüz yaşını qeyd edən muzeydə 2018-ci ildən etibarən yenə müəyyən təmir işləri aparılıb. Bu barədə muzeyin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, yüzilliklə bağlı Prezidentin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olunur.
Təmirlə bağlı dərc edilən məlumatda təmirin prezidentin və hökumətin ayırdığı vəsaitlə aparıldığı qeyd olunub. 17 iyun 2020-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib.
Qeyd edək ki, muzeyin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı ölkə başıçısı 2019-cu ildə sərəncam imzalayıb.
Elə həmin ilin sentyabrında muzeydə yeni ekspozisiyanın qurulmasına başlanılıb. Hazırda yalnız xeyriyyəçinin ev muzeyinin ziyarətçilərə açıq olması da bununla əlaqədardır.
Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyindən başqa digər eksponatların nə zaman sərgilənəcəyi, yeni ekspozisiyanın nə zaman hazır olacağını öyrənmək üçün muzeylə əlaqə saxladıq.
Muzeydə yeni ekspozisiya artıq tam hazırdır:
“Muzey ziyarətçilərin ixtiyarındadır. Burada Zeynalabdin Tağıyevin 9 otaqdan ibarət evi tam təmirlidir və ziyarətçilər ziyarət edə bilirlər. Sadəcə ekspozisiya yenidən qurulurdu.
2023-cü ilin sentyabrından hazırıq, açılış qərarını gözləyirik. Tam olaraq bəlli tarix bilinmir. Muzeyin təmiri pandemiya dönəminə düşdü, muzey neçə müddət işləmədi, nazirlikdə dəyişiklik oldu, ona görə məsələ bir az uzandı”.
Sosial