Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyinin prioritetləri ətraf mühitin çirklənməsi, su qıtlığı və yoxsul ölkələrin təmiz texnologiyalara çıxışında dəstək verilməsidir.
Bu barədə “The National” qəzetində dərc olunan məqalədə deyilir.
Nəşrə müsahibəsində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, COP29, qlobal temperaturun 1,5 dərəcədən qalxmasının qarşısını almaq, Mərkəzi Asiya və Orta Şərq də daxil olmaqla su çatışmazlığı kimi daha geniş ekoloji problemlərə toxunmaq üçün əsas hədəfdən kənara çıxa bilər:
“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Azərbaycanın diqqəti cəlb etmək istədiyi regional risklər sırasındadır. Danışıqlarda Qəzza və Ukraynadakı müharibələr kimi münaqişələrin ciddi ekoloji fəsadları olduğu da vurğulana bilər”.
Səfir hesab edir ki, “maliyyə COP” kimi planlaşdırılan və Braziliyada keçiriləcək növbəti COP30-a körpü olacaq Bakı sammiti daha çox şey ola bilər:
“Yəqin ki, maliyyə məsələlərinə diqqət yetiriləcək, lakin mən hesab edirəm ki, texnologiyanın yoxsul ölkələrə transferinə daha çox diqqət yetirilməlidir, çünki bu, inkişaf etməkdə olan ölkələrə daha çox özünü təmin etməyə imkan verəcək. Əgər texnologiya transferində sıçrayış əldə edə bilsək, bu, çox mühüm töhfə olardı”.
O, həmçinin qeyd edib ki, Azərbaycan Britaniyada COP26 kimi əvvəlki iqlim danışıqlarının təcrübəsindən istifadə edəcək.
Məqalədə vurğulanıb ki, Azərbaycan üçün böyük maraq kəsb edən məsələ qalıq yanacaqlarının istehsalı zamanı sovet dövründən qalan çirklənmə və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə mübarizədir ki, bu da Xəzəryanı dövlətlər üçün potensial olaraq böyük ekoloji və iqtisadi nəticələrə gətirib çıxarır.