Infoteka.az
Sosial

Azərbaycandan olan məşhurlar – Aldadan və aldadılan, körpəsi oğurlanan Larisa Dolina

Haqqında söhbət açacağımız ilk həmyerlimiz Rusiyanın Xalq artisti, müğənni Larisa Dolinadır.

Larisa Aleksandrovna Dolina  Kudelman  sovet və rus estrada və caz müğənnisi kimi tanınıb, müxtəlif müsabiqə və festivalların laureatıdır, Rusiyanın Xalq artisti fəxri adına layiq görülüb. Aktrisa kimi də bir neçə dəfə müxtəlif filmlərdə özünü sınayıb. Hazırda durduğu zirvəyə çatmaq üçün dayanmadan çalışan müğənninin sənət yolu cazla başlayıb, estrada ilə davam edib.
Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakıda anadan olub. O, şou-bizneslə heç bir əlaqəsi olmayan yəhudi ailəsində böyüyüb. Atası Aleksandr Markusoviç inşaatçı, anası Qalina İzrailevna isə maşinist idi.

Larisa 3 yaşında olanda ailəsi ilə birlikdə Odessaya köçüb. Orada violonçel oxumaq üçün musiqi məktəbinə getməyə başlayıb. Artıq yeniyetmə yaşlarında həyatını musiqi ilə bağlamaq qərarına gəlib.

Dolinanın musiqi tərcümeyi-halı 1971-ci ildə "Biz Odessa sakinləriyik" ansamblında başlayıb, sonralar bir neçə başqa qrupda solist olub. Şəhərdə bir qədər populyarlıq qazanan qız işləmək üçün Ermənistana gedib.

Burada Larisa paytaxtın ən nüfuzlu ansambllarından birində vokalçı kimi çalışıb. İrəvanda yaşadığı 4 il ərzində müxtəlif çətinliklərlə, o cümlədən maliyyə problemləri ilə üzləşib. Ermənistan Dövlət Estrada Orkestrinin solisti olduqdan sonra daha orada qalmaq istəməyib, "okean balığı olmaq üçün" Moskvaya üz tutub.

Rusiyadakı fəaliyyəti dövründə çoxlu sayda diplom və mükafatlar alan Dolina Rusiya Federasiyasının Xalq artisti adına yüksəlib. Sabiq prezident Boris Yeltsin tərəfindən "İlin qadını" adına layiq görülüb.

Şəxsi həyatı isə uğurlu alınmayıb. Gah əri ona xəyanət edib, gah o ərinə. Dolina 3 dəfə ərdə olub.

İlk əri caz musiqiçisi və "Sovremennik" orkestrinin keçmiş dirijoru Anatoli Mionçinski idi. Bu birlikdən Angelina adlı bir qız dünyaya gəlib. Angelina doğulduğu gün həkimlər onu xəstəxanadan götürüb başqa yerə köçürdüyünə görə Larisa uzun müddət qızını tapa bilməyib. Uşaq öncə itmiş, sonra oğurlanmış sayılsa da nəhayət tapılıb. İndi həmin itkin qızın özünün də bir qızı var və nənəsi ilə yaşayır. Sənətçinin dediyinə görə, onun Anatolidən ayrılmasına səbəb ərinin spirtli içki aludəçiliyi, eləcə də qarşılıqlı anlaşılmazlıqlar olub. 

32 yaşında Larisa 10 ildən çox yaşadığı gitaraçı Viktor Mityazovla evləndi. Bu ailənin dağılmasına səbəbi Larisanın ərinə xəyanət etməsi olub. Dolina gələcək üçüncü əri, prodüser və gitara ifaçısı İlya Spitsin ilə fırtınalı eşq yaşamağa başlayır.

Maraqlı bir fakt odur ki, üçüncü əri Larisadan 13 yaş kiçik idi və onunla görüşərkən kişi evli idi, hətta kiçik bir oğluda var idi. İlya və Larisanın birlikdə uşaqları olmayıb.
2016-cı ildə Dolina və Spitsin arasındakı münasibətlər pozulmağa başladı və nəticədə boşanma ilə nəticələndi. İlya kənarda başqa bir ailə də saxlayırmış. Buna baxmayaraq, müğənni qalmaqal yaratmadı, hətta keçmiş həyat yoldaşı ilə işgüzar əməkdaşlığını davam etdirdi.

69 yaşlı Dolina hazırda tək yaşayır, indi tez-tez plastik əməliyyatları, kilo alıb- vermələri və qəribə açıqlamaları ilə gündəmə gəlir. Məsələn o hər gün gündə bir neçə dəfə özünü ağlamağa məcbur etdiyini deyib. Buna səbəb dərdlər deyil. Dolina göz yaşlarının insanı mənən təmizlədiyinə inanır.

Infoteka.az