AvtoVAZ şirkəti yeni “Lada Aura” modelinin konfiqurasiyasını sadələşdirməyə qərar verib.
Taksilərdə istifadə üçün biznes sinif sedanının xüsusi versiyası yaradılacaq. Brendin yeni məhsulunun buraxılışı 2024-cü ilin sentyabrına planlaşdırılır. Bu barədə şirkətin nümayəndəsi mediaya açıqlamasında vurğulayıb:
“Əlbəttə, biz belə avtomobilə tələbatın olduğu taksi bazarına ümid edirik. Avtomobilin xüsusi konfiqurasiyası yaradılacaq, lakin təfərrüatları açıqlamaq hələ tezdir”.
Şirkət iyunun 8-də “Lada Aura” avtomobilinin layihəsini təqdim edib. Avtomobil arxa oturacaqdakı sərnişinlər üçün 25 santimetr artırılmış daxili sahəyə malikdir. Avtomobil 122 at gücü hasil edən 1,8 litrlik mühərrik və avtomatik transmissiya ilə təchiz edilib. Yeni məhsulun interyeri dəri ilə bəzədiləcək və onun qiyməti iki milyon rublu (təxminən 38 min 200 manat) xeyli keçəcək.
AvtoVAZ “Lada Vesta”nın genişləndirilmiş modifikasiyasını dövlət işçiləri üçün avtomobil kimi hazırlayır. Konsernin planlarına görə büdcə təşkilatlarında və bölgə rəsmiləri arasında tələbat olan modelin istehsalına 2024-cü ilin avqust-sentyabr aylarında başlanacaq.