Infoteka.az
Sosial

Müharibələrin ekosistemə vurduğu dəhşətli zərərlər

Son dövrlər dünyanın müxtəlif regionlarında baş verən münaqişələrin, müharibələrin qurbanı təkcə insanlar yox, həm də yaşadığımız planetdir. Müharibələr təkcə insanları öldürmür, həm də yaşayan bütün canlıları məhv edir, ekosistemi sıradan çıxarır.

Maraqlıdır, müharibələrin ekosistemə hansı zərərləri var?

Ekoloq Rövşən Abbasov bildirib ki, müharibələrin yaşadığımız planetə təsiri miqyasından və davamiyyətindən asılıdır: 

“Məsələn, Qarabağ müharibəsini nümunə götürək. Orada ekosistemin deqradasiyası baş verdi. Qiymətli ağacların qırılması, qeyri-qanuni mədən sənayesinin inkişaf etdirilməsi, sərhədboyu ərazilərdə süni formada yanğınların yaradılması, ağ fosfordan və kütləvi qırğın silahlarından istifadə etmək ekosistemə çox ciddi mənfi təsir göstərir. 

Bundan əlavə, uzun səngərlərin qazılması, mövqelərin düzəldilməsi, okeanlarda mütəmadi nüvə sınaqlarının aparılması da ekosistemi dağıdan səbəblərdən biridir. Bir nümunə də Yaponiyadan deyə bilərik. Orada nüvə silahı istifadə ediləndən sonra uzun müddət torpaq, bitki örtüyü bərpa olunmadı. Çünki nüvə silahının təsirlərinin miqyası, müddəti böyükdür. 

Bundan başqa müharibə ərazisində nəzarətsiz zonalar yaradılır. Bu zonalarda təbii ehtiyatlar qeyri-qanuni istismar olunur. Mənfi təsirlərdən biri də budur”. 

“Müharibələr kənd təsərrüfatını da məhv edir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın uzvü (İctimai Şuranın 2021-2023-cü illər üzrə sədri), “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov bildirib ki, müharibələr infrastrukturu, ekosistemi dağıtmaqla yanaşı kənd təsərrüfatını məhv edir:  

“Xüsusilə, ağır texnikanın hərəkəti təsərrüfatda yararlı torpaqları sıradan çıxarır. Yerin üst qatı dəyişir, fauna növləri öz areallarını dəyişməli olurlar. Onlar 100  illərdir yaşadığı ərazilərdə barıtın qoxusunda təhlükəni hiss edirlər. Ukrayna müharibə zamanı böyük su anbarı partladıldı. 100 min hektara yaxın ərazi su altında qaldı. Əhalinin məskunlaşdığı ərazilər də su altında qaldı. Bu da torpağa və insanlığa vurulan böyük zərbələrdən biridir”.
 

Infoteka.az