Elm adamları uzun ömrün sirlərini tapmaq və gələcəkdə daha sağlam yaşaya bilmək üçün Yer üzünün ən uzunömürlüləri arasında araşdırma aparıblar.
Ən uzunömürlü quru məməlisi insanlardır. Dünyanın ən yaşlı insanı kimi tanınan Cenni Kalment 122 il 164 gün yaşayıb. O, 1875-ci ildə Fransanın Arles şəhərində anadan olub, 1997-ci ildə isə vəfat edib. Kalment uzun ömrün sirrinin stressiz yaşam və yüksək yumor hissi olduğunu bildirib. O, sağlam həyat tərzi keçirmək üçün heç bir xüsusi səy göstərmədiyini və hətta 117 yaşına çatana qədər hər yeməkdən sonra siqaret çəkdiyini bildirib.
Məqalədə şüşə süngəri ən uzunömürlü su canlılarından biri kimi göstərilib. Zərif görünüşünə baxmayaraq, onların 15 min ilə qədər yaşaya biləcəyi təxmin edilir. Onları fərqləndirən bədənlərində elektrik impulsları yaratmaq qabiliyyətidir. Digər dəniz süngərlərindən fərqli olaraq, şüşə süngərlər stimullaşdırıldıqda büzülmür və formasını dəyişmir.
Qeyd edilən ən uzunömürlü quş isə ABŞ-ın Çikaqo şəhəri, Brukfild zooparkında yaşayan erkək çəhrayı kakadu (Cacatua leadbeateri ) tutuquşusudur. 2014-cü ildə o, Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı tutuquşusu kimi tanınıb.
Ən uzunömürlü gəmirici olan çılpaq köstəbək siçovulu oksigensiz 18 dəqiqə yaşaya bilir və bir çox xərçəng növlərinə davamlıdır. Ən uzunömürlü onurğasız heyvan isə Okean quahoqları (Arctica islandica) olub. 2006-cı ildə İslandiya sahillərində tapılan bir növünün Banqor Universitetinin alimləri tərəfindən 507 yaşında olduğu müəyyən edilib.
Dünyada ən uzunömürlü tısbağa növü isə Aldabra nəhəng tısbağasıdır. Ən yaşlısı Advayta adında olub və 2006-cı ildə Hindistanın Kolkata şəhərindəki zooparkda ölərkən 255 yaşında olduğu güman edilib.
Qrenlandiya köpəkbalığı Yer planetində ən uzunömürlü köpəkbalığı növüdür. Lakin o, digər köpəkbalıqlarından fərqli olduğu üçün bu günə qədər tapmaq çox çətin olub. Qrenlandiya köpəkbalığının bədənində sərt toxuma yoxdur.
Məqalədə ən uzunömürlü it kimi göstərilən Bobi isə 31 il yaşayaraq “Ginnesin Rekordlar Kitabına” daxil olub.//Azərtac