Infoteka.az
Texnologiya

Teflonun icadı

Keçmişdən bu günə qədər gələn kəşflər çoxluq etibarilə insanların həyatını asanlaşdırıb və elmin çox sürətlə irəliləməsinə şərait yaradıb. Qədim Misirdə alimlər gecə-gündüz riyaziyyat, fizika, kimya, biologiya və astronomiya kimi sahələrdə araşdırmalar apararkən bir məqsəd güdürdülər: bilik işığında göstərdikləri səylərə görə mükafatlandırılmaq və bəşərin inkişafına töhfə vermək. Ancaq bəzən işlər planlaşdırdıqları kimi getmədi və ya getmir.

Tədqiqatları zamanı bəzən laboratoriya mühitində baş verən qəza, tədqiq edilən kimyəvi maddə və metalların gözlənilməz reaksiyası və ya ani bir diqqətsizlik həyatımızı asanlaşdıran digər ixtiraların və kəşflərin ortaya çıxmasına şərait yaratdı.

Bunlardan ən məşhurlarından biri qazanın dibini qaşımağa nifrət edən evdar qadınlar üçün əsrin ixtirası sayıla biləcək “Teflon”dur.

Teflonu kəşf edən amerikalı kimyaçı Roy Plankertdir (Roy J.Plunkett). 1910-cu ilin 10 iyununda dünyaya gəlmiş Roy uşaqlıqdan kimya sahəsinə böyük maraq göstərmiş və təhsilini bu sahədə tamamlamışdı. ABŞ-ın Nyu-Cersi ştatındakı “Cekson labaratoriyası”nda (Jackson Laboratories) tədqiqatçı alim olaraq çalışan Roy Planket 1938-ci ilin 6 aprel səhəri insanların həyatını asanlaşdıran ən mühüm ixtiralardan birinə özü də bilmədən imza atdı.

Əslində, Planket yeni tip soyuducu üzərində çalışırdı. Bir gün işləri bitirərkən istehsalda istifadə etdiyi qalan xammalı ertəsi gün istifadə etmək üçün polad boruya qoyub evə yollandı. Ertəsi gün həmişəki kimi səhər tezdən gəlib işinə başladı. İstehsalı davam etdirmək üçün əvvəlki gün doldurduğu silindrin klapanını açdı, gördü ki, borudan qaz çıxmır. Anladı ki, bunda bir qəribəlik var: borudan qaz çıxmasa da, çəki azalmayıb. Bu, borunun içindəki maddənin çölə sızmadığını göstərirdi. Bəs xammal harada idi? Maraqlarını cilovlaya bilməyən kimyacı alim borunu tərsinə çevirdi və klapanı tamamilə çıxardı. Bu zaman borudan ələ yapışmayan, sürüşkən və istiyə davamlı ağ rəngli toz çıxdı. Plankett bildi ki, borunun içindəki qaz plastikə bənzəyən bir maddəyə çevrilib.

1938-ci ildə kəşf edilən, qısaca PTFE adlanan, ümumiyyətlə isə "teflon" kimi tanınan bu xammal atom bombalarının istehsalından tutmuş kosmos tədqiqatlarına qədər daha çox hərbi-strateji sahələrdə istifadə edildi.

1956-cı ildə teflonun dünya premyerası oldu. Mətbəx qabları istehsal edən bir şirkət alüminium tavaların daxili örtüklərində teflondan istifadə etdi. Amerikalı evdar xanımların əvvəlcə uzaq qaldıqları teflon tavalar sonradan “yapışmaz” adı ilə gündəlik həyata daxil oldu, qadınların könlünü fəth edərək mətbəxlərdə möhkəm yer tutdu, bu gün bir-birindən keyfiyyətli qab-qazan və tavaların yolunu açdı.

Infoteka.az