Infoteka.az
İqtisadiyyat

Banklar kartları niyə pulsuz paylayırlar?

Banklar pulsuz kartların verilməsi, ƏDV-nin ikiqat qaytarılması, kəşbeklərin faizinin yüksək olması və.s kimi təklflər iləri sürürlər. Bu mövzuda bütün banklar bir-biriylə rəqabətdədir. Bir bank digərindən daha çox güzəştə getməyə çalışır. Bəs bankların pulsuz kart paylamaqda və bu qədər güzəştlər verməkdə məqsədi nədir?

Bu barədə “FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, bank kartları içərisində ödənişsiz verilənlər çoxluq təşkil edir. Bankların bunda əsas məqsdələri pul kütləsi cəlb etməkdir: “Bankların pul kütləsini cəlb etməkdən ötrü iki əsas mənbəyi var. Birincisi, səhmdarlar tərəfindən qoyulan pullardır. İkincisi, öhdəliklərdir ki, bunlar da müştərilər tərəfindən cəlb olunur.

Müştərilərdən cəlb olunan pullar da müddətli əmanət şəklində olur, müddətli əmanətlərdə faizlər yüksək olur. Cari hesablarda olan pullara adətən hansısa bank tərəfindən vəsait ödənilmir. Bu pullar adətən hərəkətli olurlar, daha çox təsərrüfat fəaliyyətlərinin idarə olunmasında istifadə olunur. Və müəyyən dövrlərdə qısa müddətli də olsa, həmin hesablarda vəsait saxlanılır. Bu banklar üçün çox önəmlidir, çünki, müştərilərin hesablarında ortalama günlük, aylıq vəsaitin qalması bank üçün onun likvidlik probleminin həllində çox önəmlidir”.

Ekspert qeyd edib ki, banklar pulsuz kart verməklə yanaşı, rəqabətdə qazansınlar deyə, kartdakı pula faiz də təklif edirlər: “Bankların kart hesablarında daha çox vəsait saxlanılmasını motivasiya etmək istəyirlər. Cari hesablarda pulu saxlamaq üçün əmanətlərin faiz dərəcəsi illik 10-12 faizdirsə, banklar 5-6 faiz də kart hesabında pul saxlanılmasına təklif edirlər. Bu vəsaitlər konkret müddətdə deyil, müştəri istənilən vaxt həmin vəsaiti götürə bilər. Götürənə qədər isə kartdakı məbləğə faiz hesablanması müştəri üçün də, bank üçün də sərfəlidir”.

X.Məmmədli kartların banklara pulsuz başa gəlmədiyindən də danışıb: “Kartlar banklar üçün pulsuz deyil, müəyyən qiymətə başa gəlir və həmin qiymətə satılmalıdır. Amma banklar o vəsaiti öz resursları hesabına qarşılayırlar. Çünki, həmin maliyyəni depozit hesabına cəlb etmək banka daha çox xərc hesabına başa gəlir”.

Infoteka.az