"Qarabağ Vətən müharibəsi" şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb.
İnfoteka.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov "Qarabağ Vətən müharibəsi" serialı ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə töhfə vermək məqsədilə çəkilən serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir: "Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri həyata keçirilib".
R.Həsənov bildirib ki, "Qarabağ Vətən müharibəsi" şərti adlı serialın çəkilişlərinə gələn ilin mart ayında başlanılacaq: "Serial 8 bölümdən ibarət olmaqla hər bölüm 1 saat olacaq".
Qeyd edək ki, serial Türkiyədə fəaliyyət göstərən “Bozdağ Film" şirkəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə çəkilir. "Bozdağ Film" şirkətinin istehsalı olan "Kuruluş Osman", "Diriliş Ertuğrul", "Aşkın yolculuğu. Yunus Emre", "Mendirman Celaleddin", "Destan" kimi uğurlu serial layihələri dünyanın yüzdən çox ölkəsində yayımlanaraq milyonlarla tamaşaçı toplayıb.