Kosmetika və gigiyenik məhsullar istehsal edən Johnson & Johnson şirkəti ABŞ-ın 40-dan çox ştatında, uşaq pudrası və digər talk mineralı istifadə edilən pudra əsaslı məhsullarının təhlükəsizliyi barədə istehlakçıları aldadıb-aldatmadığı ilə bağlı aparılan araşdırmaları həll etmək üçün razılığa gəlib.
Johnson & Johnson şirkəti pudra (kirşan) əsaslı məhsullarına qarşı iddialarda hərtərəfli və son həll yolu tapmaq üçün müxtəlif yollar axtarmağa davam edir.
Bunu Johnson & Johnson şirkətinin vitse-prezidenti Erik Haas bildirib.
Haas deyib ki, şirkətin talk əsaslı pudra məhsulları ilə bağlı iddiaları həll etmək üçün 42 ştatdan və paytaxt Vaşinqtondan olan baş vəkillər konsorsiumu ilə prinsipial razılaşma əldə edilib.
Digər tərəfdən, Johnson & Johnson-un Baş Maliyyə Direktoru (CFO) Cozef Volk "The Wall Street Journal"a verdiyi müsahibədə, şirkətin ştatların tələblərini yerinə yetirmək üçün 700 milyon dollar ödəməyə razı olduğunu bildirib.
Sözügedən müqavilənin şirkətə qarşı qaldırılan xüsusi iddiaları əhatə etmədiyi bildirilib. Qeyd edək ki, Johnson & Johnson şirkəti, xərçəngə səbəb olduğu iddia edilən talk əsaslı pudra məhsullarına görə 50 mindən çox məhkəmə işi üzləşib.