"Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir.
Bunu "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov bildirib.
"Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Bu gün beynəlxalq təcrübəyə malik yerli kadrlarımız nəinki ölkə daxilində, həmçinin xaricdəki hotellərdə yüksək vəzifələrdə çatır və böyük uğurlara imza atırlar", - deyə E.Əlimuradov əlavə edib.
O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: "Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 % azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək".