Infoteka.az
Sağlamlıq

Azərbaycan səhiyyəsində YENİLİK: Elektron reseptlər hansı fəsadların qarşısını alacaq

Bir müddətdir, Azərbaycanda elektron reseptlərin tədbiqinə başlanılıb. Elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq. Yanvarın 16-da Azərbaycanda elektron reseptin təqdimatı olub.

Məlumata görə elektron reseptin kağız reseptdən üstünlüyü ondan ibarətdir ki, vətəndaş hansı xəstəliyə qarşı hansı müalicə aldığını, hansı dərman preparatlarından istifadə etdiyini biləcək. 

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü Nazirliyinin rəsmi "İnstagram" hesabında canlı yayım zamanı bundan sonra apteklərdən elektron resept olmadan dərman əldə etməyin mümkün olmayacağını vurğulayıb.

Nazirlik rəsmisi qeyd edib ki, dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq: "Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.

İqtisadçı Akif Nəsirli hesab edir ki, Səhiyyə Nazirliyi bu sahədəki problemləri aradan qaldırmaq üçün reseptlərin elektronlaşdırılmasına başlayıb:

“Vətəndaşlar özbaşına müəyyən dərmanlar alır, həmin dərmanlardan, həkim məsləhəti olmadan istifadə edirlər. Bunun da fəsadları olur. Təkcə bu istiqamətdə deyil, dərmanların reklamı istiqamətində də işlər görülməlidir. Səhiyyə Nazirliyi ilk növbədə dərmanların reklamının qarşısının almalıdır. Elektron resept apteklərdə qadağan olunmuş dərmanların dövriyyəsinin qarşısını ala bilər. Həm də həkim resepti olmadan özbaşına alınan dərmanların qarşısını almaq olar. İnsanlar dərmanların fəsadlarından zərər çəkməzlər. Bu təcrübə bəzi ölkələrdə var. Amma Azərbaycanda tətbiqi nə qədər səmərəli olacağı məlum deyil. Apteklər buna əməl ediləcəklərmi? Bu müəyyən qədər sual altındadır. Ancaq ilk addım kimi təqdirəlayıq hesab edirəm. Effektivliyi isə tətbiq olunduqdan sonra bilinəcək”.

Ekspert bu məsələnin tibbi sığorta sisteminin səmərəli işləyib-işləməməsi ilə əlaqəli olduğunu da söyləyib:

“Vətəndaş öz problemin bilir, buna qarşı dərman istifadə etmək istəyir. Amma həkimə müraciət edib, resept yazanda o həkimə də pul verməlidir. Tibbi sığorta sistemi normal qaydada çalışarsa, həkim xəstədən pul istəməz. Bütün tibbi xidmət sığorta vasitəsi ilə qarşılanar.

Bu istiqamətdə nəticə əldə etmək üçün görülən iş sistemli  olmalıdır. Həm sığorta işləməli, həm də dərmanların reklamının  qarşısı alınmalıdır”.

Qeyd edək ki, elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək.

Elektron reseptdən istifadə üçün "Reseptim" tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər. Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.

Infoteka.az