Infoteka.az
Hərbi

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxarılacaq...

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın dağlıq hissəsi erməni separatçılardan, terrorçulardan təmizləndi. Hazırda həmin ərazilərdə də təhlükəsizlik məsələlərini və nəzarəti Azərbaycan Ordusu həyata keçirir.

Buna baxmayaraq, hələ də rus sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərirlər.

Qeyd edək ki, sülhməramlılar Azərbaycan ərazilərinə İkinci Qarabağ müharibəsindən sonra yerləşdirilib və burada qalma müddəti beş ildir. Antiterror tədbirlərindən sonra sülhməramlılara məxsus bir neçə post fəaliyyətini dayandırıb.

Bəs, hazırda sülhməramlılar Qarabağda nə işlə məşğuldurlar?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Rusiya sülhməramlılarının nə qədər müddətdə fəaliyyət göstərə biləcəyi təsbit edilib:

“2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağın dağlıq hissəsində keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, dövlətimizin qüdrətini göstərir. Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı prezident cənab İlham Əliyev,dəfələrlə, bütün torpaqlarımızın azad ediləcəyini və bayraqlarımızın yurdumuzun bütün ərazilərində dalğalanacağını bildirirdi. Üçtərəfli bəyanatın dördüncü maddəsinin həyata keçirilməməsi, yaranmış vəziyyət antiterror tədbirlərini zəruri edirdi. Hazırda erməni separatçıları ərazidə yoxdur. Belə olan halda Rusiya sülhməramlıların Qarabağın Dağlıq hissəsində yerləşməsinin səbəbi maraq doğurur. Üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının nə zamana qədər qalacağı ilə bağlı məlumat var. Orada konkret olaraq göstərilir ki, sülhməramlıların 2025-ci ildə fəaliyyət müddəti bitir. Bundan qabaq tərəflərin razılığı ilə də onlar ərazidən çıxarıla bilərlər”.

Infoteka.az