İran yanvar ayında qonşu dövlətlərin ərazilərini raket atəşinə tutmaqla gündəmə gəlib. Yanvarın 15-dən 16-na keçən gecə ölkənin İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) İraqın şimalına, Suriyaya, yanvarın 17-də isə Pakistana dron və raketlərlə zərbələr endirib.
Maraqlıdır ki, İran artıq düşmənlərinə zərbələri proksiləri vasitəsilə deyil, birbaşa özü həyata keçirir. Düzdür, paralel olaraq İran tərəfindən dəsəklənən qüvvələr ABŞ və müttəfiqlərinə hücumlar etsə də, Tehranın birbaşa hücumlarda iştirak etməsi yeni situasiya yaradır.
İranın qonşu dövlətlərə hücumlarını artırmasının səbəbi nədir?
Bəzi ekspertlər deyir ki, İranın daha iddialı hücumlar həyata keçirməsi onun artıq nüvə silahı əldə etdiyini ya da buna olduqca yaxın olduğunu göstərir.
"Hazırda bəzilərimizi bu sual maraqlandırır ki, görəsən son bir neçə ayda Tehranın regionda əl yüksəltməsinin səbəbi İranın artıq nüvə silahına yiyələnməsi ola bilərmi? Məncə, İran ya nüvə silahı hazırlamağa nail olub, ya da bir addımlığındadır. Xüsusilə, qarşıdakı seçkilərin favoriti olan və İrana qarşı qatı düşmənçiliyi ilə tanınan Trampın Ağ Evə qayıtmaq ehtimalı fonunda, İran rejimi üçün nüvə silahına yiyələnmək qaçılmazdır", - "Şərqə Baxış" kanalında mövzu ilə bağlı dərc edilən məqalədə bildirilir.
Məqalədə vurğulanır ki, İran yəqin ki, uzun müddət İsrail kimi nüvə silahını elan etməmək siyasi xəttini izləyəcək. Tehranın nüvə silahını elan etməsi digər regional güclər üçün nüvə silahına yiyələnmək barədə legitimlik yaradacaq. Ona görə də region və İranın təhlükəsizliyi üçün hazırda ən münasib seçim nüvə silahının elan edilməməsidir.