Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləmək barədə düşündüyünü təsdiqləyib. O, bu barədə “Rai News”a müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, Ukraynaya yeni başlanğıc lazımdır.
“Söhbət təkcə Zalujnıdan deyil, həm də ölkənin bir sıra səlahiyyətlilərinin dəyişdirilməsindən gedir, özü də bu, tək hərbi sahəyə aid deyil”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, Qərb mətbuatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifəsindən azad edilməsi ilə bağlı Ukrayna prezidentinin fərmanının yanvarın 29-dan fevralın 4-dək imzalanacağı barədə məlumat yaymışdı. Ancaq Zalujnı hələ də öz vəzifələrini yerinə yetirir, işdən azad edilməsi ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Serbiyanın “Politika” nəşri yazır ki, Zelenski “İl-76” təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasında Ukrayna Silahlı Qüvvələrinin baş komandanını ittiham etməyi planlaşdırır.