MDB Müşahidə Missiyası Azərbaycandakı seçkiləri müşahidə etmək üçün 17 yanvardan etibarən fəaliyyət göstərir.
Bunu MDB-nin Baş katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən həftələr ərzində Missiya Qərargahının rəhbərliyi altında 8 müşahidəçi Azərbaycanın regionlarına səfər ediblər, dairə seçki komissiyalarının fəaliyyəti ilə, ərazi seçki məntəqələrinin yaradılması ilə tanış olublar:
“Biz Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edirik. Həmçinin seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Bizə bu işdə kömək edirlər və ilk növbədə seçkilərə dəvət olunduğumuz üçün minnətdarlığımı bildirirəm, çünki seçkilərə müşahidə etməyə dəvət olunmağımız bizə olan etimaddan xəbər verir, təbii ki, biz bu etimadın davamlı olmasını səmimi qəlbdən arzulayırıq. Bu, böyük şərəfdir. İkinci məqam isə odur ki, bu, böyük məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir. Bizdən, həmçinin dəstək göstərilməsi və kömək edilməsi gözlənilir. Biz Azərbaycan Respublikasının qonşularıyıq və bura dost kimi gəlmişik. Bu səbəbdən biz xoş niyyətlə gəlmişik, ümumi hədəfimiz var - seçkilərin yüksək səviyyədə təşkil edilməsi üçün əlimizdən gələni etmək”.
O qeyd edib ki, seçkiqabağı hazırlıq prosesi o təəssüratı yaradır ki, planlı şəkildə, yüksək təşkilatçılıq səviyyəsində və ən əsas Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada hazırlıq gedir:
“Biz ilk növbədə beynəlxalq norma və tələblərin deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki buna mütləq riayət edilməlidir. Məsələn, ABŞ-də seçki hüququ və seçki qanunları təmamilə fərqlidir, Avropa İttifaqı ölkələrində digər formadadır, hər ölkənin özünün xüsusiyyətləri var. Bu səbəbdən biz MDB məkanının qanunlarını əldə rəhbər tuturuq. Biz görürük ki, hazırlıq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir”.