Infoteka.az
İqtisadiyyat

Ötən il ixrac məqsədilə idxal edilən malların dəyəri 85% artıb

Ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal gömrük proseduru üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. 

Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir.

Emal əməliyyatları dedikdə, malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür. Ölkəmizdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, iki istiqamətdə - təmir və emal məqsədilə həyata keçirilir.

Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur. 

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər edilib. Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya ixrac etmək imkanı əldə edib.

Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib. 

Sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətlərinin təhlili göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha aktiv istifadə edilməyə başlanılıb. Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub. 
Sahibkarlar prosedur üçün Dövlət Gömrük Komitəsinə birbaşa və ya müvafiq yerli orqanlar vasitəsilə müraciət edə bilərlər. 
 

Infoteka.az