Infoteka.az
İqtisadiyyat

Biznes subyektlərində yeni çağırışlar müstəvisində vergi işinin təşkili

Texnoloji yeniliklər həyatın bütün sferalarına sirayət edərək, informasiyanı strateji resursa çevirməklə yanaşı, total dəyişiklik proseslərini tətikləyir. Qərbdə aparılan araşdırmalara əsasən, şirkətlərdə strateji qərarların 19 faizi süni zəkaya əsaslanır. Son beş il ərzində yaranan şirkətlərdə isə 33 faizi haqlayan bu göstəricinin getdikcə daha da artması şübhə doğurmur. 

Digər tərəfdən, vacib inkişaf drayveri qismində özəl sektorun rolunun artmasına paralel olaraq, büdcə gəlirlərinin əsas mənbəyi və müxtəlif sosial-iqtisadi proseslərin vacib iştirakçısı olmaqla həm fiskal siyasət, həm şəffaflıq, həm əməletmə, həm də investisiyaların qorunması və təşviqi baxımından çoxşaxəli və daim yenilənən tələb və qaydalara məruz qalması artıq oturuşmuş parktikaya çevrilib.

Bütün bunlar biznes subyektlərində maliyyə/vergi portretini formalaşdıran, sərt rəqabət mühitində uğurlu fəaliyyəti şərtləndirən amillərdən olan uçot sisteminin də yeni çağırışlara uyğun dəyişdirilməsini vacib edir. Təsadüfi deyil ki, beynəlxalq audit firmalarından birinin yüzlərlə maliyyə direktorları arasında keçirdiyi sorğuda respondentlərin 50 faizi işlədikləri şirkətlərdə uçot sistemində köklü dəyişiklikərin nəzərdə tutulduğunu bildiriblər. Sorğu iştirakçılarının əksəriyyəti vəzifələrin icrasının avtomatlaşdırılması baxımından əsas potensial qismində menecment üçün hesabatlılığın, büdcə-proqnozların hazırlanması və transzaksiyaların uçotda əks etdirilməsinin təkmilləşdirilməsini qeyd ediblər. Bu qəbildən olan digər sorğu maliyyə direktorlarının yeni idarəetmə uçotu sistemlərinin tətbiqi üçün həyata keçirdikləri və yaxud planlaşdırdıqları tədbirlərlə bağlı olub. Belə ki, respondentlərin 23%-i artıq yeni uçot sisteminə keçdiklərini, 30%-i keçid prosesinin davam etdiyini, 34%-i isə alterantiv variantlar sırasından ən uyğun olanının seçilməsi mərhələsində olduqlarını bildiriblər.

Qeyd edilən dəyişikliklər biznes subyektlərində fəaliyyətin mühüm komponentlərindən biri kimi vergi işinin təşkili məsələlərindən də yan keçmir.

Bu yöndə transformativ proseslərin əsas istiqamətlərini ümumiləşdirilmiş şəkildə aşağıdakı kimi xarakteizə etmək mümkündür:

  • Biznes üçün vergi əməletməsinin artıq bir sosial məsuliyyət, korporativ mədəniyyət, reputasiya məsələsinə çevrilməsi;
  • Maliyyə dayanıqlılığı və idarəetmə qərarlarının qəbul edilməsi baxımından vergi yükünün xeyli aktuallaşması;
  • Getdikcə daha da təkmilləşən vergi inzibatçılığı;
  • Şirkətlərdə vergi bölmələrinin rolunun artması və bu əsasda vergi hesabatı hazırlayan məsul şəxs statusundan biznesin əhəmiyyətli tərəfdaşına çevrilməsi;
  • Texnoloji yeniliklərin geniş tətbiqi;
  • Vergi mütəxəssislərinin bilik və bacarıqlarına dair tələblərin yenilənməsi və s.

Bu əsasda biznes subyektlərində vergi işinin təşkili prinsiplərinə:

  • Qanunvericiliyə tam və davamlı əməletmə
  • Vergi prosedurlarının formalaşması və tətbiqi, habelə bu prosedurların texniki və kadr təminatı
  • Uçotun səmərəliliyinin artırılması
  • İdarəetmə qərarlarının vergi fəsadlarının qiymətləndirilməsi
  • Leqal vergi planlaşdırılması alətlərindən səmərəli istifadə
  • Vergi risklərinin idarə olunması
  • Xoş məramlı vergi ödəyicisi imicinin dəstəklənməsi
  • Kollektivdə yüksək vergi mədəniyyəti mühitinin saxlanması kimi məsələləri aid etmək olar.

Müxtəlif amillərdən qaynaqlanan intensiv dəyişikliklərin müşahidə olunduğu müasir dövrdə şirkətlərdə vergi işinin təşkili kritik əməletmə funksiyası kimi deyil, daha çox strateji məsələ qismində nəzərdən keçirilməlidir. Artıq şirkətlərdə vergi şöbələri yalnız biznesə xidmət göstərən bölmə funksiyasını geridə qoyaraq, vergi risklərinin erkən aşkarlanması, idarə olunması və minimallaşdırılmasını təmin edən və biznes proseslərinin aktiv iştirakçısı statusu qazanmaqdadır. Ona görə şirkətlərdə vergi funksiyalarının roluna yenidən baxılmalı və əsas diqqət məlumatlarla işləməyə və onların keyfiyyətinə, eləcə də risklərin səmərəli idarə olunmasına, o cümlədən onların azaldılması üçün qabaqlayıcı tədbirlərə yönəldilməlidir.
Şirkətlərdə vergi işinə cavabdeh şəxslər biznesi və onun spesifikasını tam başa düşmələri ilə yanaşı, həm də şirkətin digər bölmələrində baş verən təsərrüfat əməliyyatlarının vergi fəsadlarını aydınlaşdırmalıdırlar. Başqa bir vacib məqam ondan ibarətdir ki, vergi şöbələri digər bölmələrlə sıx əlaqəli işləməli və onların vergi riskləri ilə bağlı məlumatlı olmalarını təmin etməlidirlər. Həmçinin, mühasibat uçotu sisteminə zəruri inteqrasiya və vergi məqsədləri üçün məlumatların ən uyğun yaxud hazır formatda alınması mühüm önəm daşıyır.

Vergi işçilərinə getdikcə texnologiyanın daha geniş tətbiq olunduğu mühitlə ayaqlaşa bilmələri üçün zəruri bilik və bacarıqlar tələb olunur. Bu bilik və bacarıqlar məlumatların toplanması və işlənməsi ilə yanaşı vacib qərarların verilməsi üçün analitik bacarıqların ortaya qoyulmasını da şərtləndirir. Artıq yalnız vergilər üzrə texniki biliklər yetərli deyil. Vergi mütəxəssislərindən layihələrin idarə olunması və ünsiyyətcillik, habelə səmərəli biznes tərəfdaşları və komanda üzvləri kimi fəaliyyət göstərmələri tələb olunur. Belə demək mümkündürsə, yeni dövrdə bu cür tələblər “hibrid vergi mütəxəssisi”ni ön plana çıxarır. Beynəlxalq şirkətlərdən birinin apardığı soğunun nəticələrinə görə, növbəti beş ildə vergi mütəxəssislərinə münasibətdə prioritet bilik və bacarıqlar sırasında proseslər üzrə risklərin və nəzarət mexanizmlərinin öyrənilməsi, texnologiya ilə bağlı biliklər, kommunikasiya, layihələrin idarə olunması və vergi ilə bağlı texniki biliklər göstərilib.

Göründüyü kimi, qeyd edilən məsələlər bir tərəfdən vergi əməletməsi üçün nəzərdə tutulsa da, onların əsas missiyası, icra edə biləcəyi işlərin spektri daha genişdir və bilavasitə biznesin səmərəli fəaliyyəti göstərməsinə əhəmiyyətli töhfələr verə bilər. Bu isə ona dəlalət edir ki, özəl sektorda vergi işi fraqmental xarakter daşımamalı, biznes subyektinin ümumilikdə fəaliyyəti, o cümlədən maliyyə uçotu, hüquqi, əməliyyatlar və s. istiqamətləri ilə inteqrasiya olunmalı və koordinasiyalı şəkildə təşkil olunub aparılmalıdır.
 

Yalçın Müslümov
Biznes və vergi məsələləri üzrə məsləhətçi

Infoteka.az