Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə edilib.
"infoteka.az" xəbər verir ki, Nərminə Hüseynova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.
Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.
2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.
Nərminə Hüseynova Bakı Dövlət Universitetində və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb.