Dünyanın sürətlə artan əhalisinin və inkişaf etməkdə olan sənayenin enerji tələbatını məhdud resurslarla ödəmək mümkün deyil. Enerji istehsalı ilə istehlak arasında fərq getdikcə artır. Qlobal enerji istehlakının 2035-ci ilə qədər 1998-ci ildə istehlak edilən enerjidən iki dəfə, 2055-ci ildə isə üç dəfə çox olacağı təxmin edilir.
Digər tərəfdən, neft, təbii qaz, kömür və nüvə enerjisi kimi “bərpa olunmayan” ənənəvi enerji mənbələri ətraf mühiti və insan sağlamlığını getdikcə daha çox hədələyir. Ənənəvi enerji mənbələrindən, nəqliyyat, yaşayış və sənaye sektorlarında geniş istifadə problemi daha da mürəkkəbləşdirir.
Dünyada meşələrin sayının azalması qalıq yanacaqların yandırılması nəticəsində ayrılan karbon qazının (CO2) miqdarının artması ilə nəticələnir. Bu qaz, atmosferdəki qazlarla birlikdə günəş işığının yer üzündə əks olunmasının qarşısını alır. Bu şəkildə “istixana effekti” yaranır və iqlim dəyişikliyinə səbəb olur. Qlobal istiləşmənin bu şəkildə artmağa davam edəcəyi təqdirdə 2040-cı ilə qədər dəniz səviyyəsinin bir metrə qədər yüksələcəyi və bu halda dünyanın ən böyük şəhərlərinin su altında qalacağı təklif edilir.
Bərpa olunmayan enerji immun sistemimizi çökdürür
Qalıq yanacaqların yanması nəticəsində ayrılan qazlardan biri olan karbonmonoksit (CO) orqanizmdəki oksigen miqdarını azaldaraq ölümə səbəb olur, kükürd dioksid (SO2) isə xərçəngə səbəb olur. Təbii qazın yanması nəticəsində yaranan qoxusuz və görünməz azot oksidi (NO) atmosferdəki digər qazlarla vəhdəd təşkil edərək orqanizmin immun sistemini çökdürür. Son illər kütləvi şəkildə immun çatışmazlığı problemi yaşamağımızın əsas səbəblərindən biri də məhz budur.
1970-ci illərdə bir çox sənayeləşmiş ölkələr tərəfindən atmosferin çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülməyə başlasa da, atmosferdə bu tullantıların yayılmasının, habelə transsərhəd təsirlərin yaranmasının qarşısını almaq mümkün olmayıb. Külək, yağış, qar, fırtına, qasırğa kimi təbiət hadisələri ilə yayılan çirkli hava insan sağlamlığına ziyan vurmağa, torpaq və su ehtiyatlarında turşuluğun artmasına səbəb olmağa, bəzi canlı növlərinin məhvinə səbəb olmağa hələ də davam edir.
Proqnozlara görə neftin 50, təbii qazın isə 200 ildən sonra tükənəcəyi ehtimalı var, buna görə də bəşəriyyət təbiətə uyğun, təmiz və nisbətən ucuz enerji mənbələri axtarmalı idi. Bu kontekstdə, zaman baxımından daha uzunömürlü və tükənməz olan, həmçinin dünyanın hər bir bölgəsində mövcud ola bilən bərpa olunan enerji mənbələrindən daha geniş istifadə istiqamətində addımlar atılmağa başlanıb.
İstehsal istehlaka adekvat deyil
Bərpa olunan enerji, təbiətin öz təkamülü ilə yenidən eyni formada əldə edilə bilən enerjilərə deyilir. Bərpa olunan enerji mənbələrinin ən mühüm xüsusiyyətləri, karbon dioksid emissiyalarını azaltmaqla ətraf mühitin mühafizəsinə dəstək olması, daxili qaynaqlar olduğu üçün enerji almaq üçün xaricdən asılılığın azaldılması və məşğulluq imkanlarının artmasına töhfə verməsi kimi bir çox üstünlüyə malik olmasıdır. Yəni, bərpa olunan enerji resursları əlçatandır, əldə edilməsi asandır. Bərpa olunan enerji mənbələri, biokütlə enerjisi (bioqaz), külək enerjisi, günəş enerjisi, hidroelektrik enerji, geotermal enerji, dalğa enerjisi, hidrogen yanacağı enerjisi, qabarma-çəkilmə enerjisi, dünya okeanının termik enerjisi hesab olunur.
Hazırda ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Rusiya, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr xeyli öndədir.
Atmosferi çirkləndirən zəhərli qaz və hissəciklərin olmaması, bərpa olunmayan enerji mənbələri ilə müqayisədə daha az istismar xərcləri tələb edir. Kənd təsərrüfatı sektorunda istifadəsinə görə hidroenergetika və su bəndləri əvəzsiz hesab edilir. Bu gün düynada potensial hidroenerjinin yalnız üçdə biri istifadə olunur. Bu göstərici dünya elektrik enerjisi istehsalının 17%-nə uyğundur.
Digər tərəfdən, böyük su anbarlarının tikintisinə qarşı olan Dünya Bankı bu istiqamətdə siyasətini dəyişməyə başlayıb. Enerji istehlakı, orta hesabla digər dünya ölkələrindən xeyli aşağı olan ölkələrdə vəziyyət dəyişir. Sürətlə artan əhalinin tələbatını ödəmək üçün, qısa müddətdə daha çox enerji əldə edilməlidir. Bu isə ancaq iri miqyaslı anbar layihələrinin həyata keçirilməsi ilə mümkün olacaq.
Ağaclar bərpaolunan enerji mənbəyi olmamalıdır
Geotermal enerjidən elektrik enerjisi istehsalı, dünyada ilk dəfə olaraq İtaliyada həyata keçirilməyə başlandı və bu gün Amerika, Filippin və Yeni Zelandiya başda olmaqla 22 ölkədə 8274 MVt elektrik enerjisi istehsal olunur. Ağac bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətli potensiala malik olsa da, sürətli istehlakı səbəbindən “bərpa olunan” xüsusiyyətini itirməyə başlayıb. Hazırda dünyada 1 dəqiqədə 50 hektar meşə məhv edilir. Biokütlə və dəniz enerjisi ən təmiz enerji mənbələri hesab edilsə də, qlobal miqyasda onların ümumi enerji istehsalına töhfəsi cəmi 1%-dir.
Dünyada günəş enerjisindən istilik almaq texnologiyaları da tədricən inkişaf edir. Ölkəmizdə də alternativ enerjidən istifadə yolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir. Bakının küləklər şəhəri olması, bu enerji növündən çox fayda əldə edə biləcəyimiz deməkdir. Çünki, səs-küyünün çox olması, televiziya və radio dalğalarının yayılmasına mənfi təsir göstərməsi, quşlara zərər verməsi ilə bağlı mübahisələrə baxmayaraq, küləkdən enerji alan külək turbinlərindən istifadə getdikcə artır. Gücü 5 MVt-a qədər olan külək turbinlərindən Amerika, İngiltərə, Almaniya və Danimarkada geniş istifadə olunur.
Təxmini hesablamalara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa imkanlar açır. Günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2 400 - 3 200 saatdır. Yəni Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir.
COP nədir, Azərbaycana nə fayda verəcək?
COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici orqanıdır. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. Hazırda bu ölkələrin sayı 198-dir.
COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” emissiyaya nail olmaqdır. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir. Bunlar Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələrdir.
COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Növbəti, COP29 olaraq adlandırılan konfrans 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29, ölkə tarixində keçiriləcək ən böyük tədbir kimi xarakterizə olunur. Bu, həm ölkəmizin beynəlxalq arenada adının təkrar duyulması baxımından, həm də turizm potensialının artması, yerli, regional və beynəlxalq miqyasda kapitalın gözlənilməsi baxımından olduqca faydalı olacaq.
COP28-in dekabrın 11-də keçirilən plenar iclasında çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.
COP28 konfransında Azərbaycanın mədəniyyətini, tarixini, təbiətini və qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup öz üzvlərindən bu konfransı təşkil edəcək bir ölkənin namizədliyini irəli sürmək üçün qərar qəbul etməlidir.
Lalə Mehralı