"Qurban Qurbanov bizim dəyərimizdir".
Bunu report-a müsahibəsində Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov barədə danışarkən deyib.
O, 50 yaşlı mütəxəssislə son vaxtlar çox ünsiyyətdə olmadığını bildirib: "Legiya" ilə bağlı xəbər çıxanda söhbətimiz oldu. Başa düşürəm, vacib oyunlara hazırlaşır. Çox gözəl də nəticələr qazanır".
Ağdam klubunun UEFA Avropa Liqasındakı çıxışına da toxunan 25 yaşlı hücumçu "köhlən atlar"ın hər iki cəbhədə inamla addımladığını söyləyib: "Komanda həm avrokuboklarda, həm də yerli çempionatda möhtəşəm çıxış edir. Oyun sistemi olaraq baş məşqçinin işi həqiqətən görünür. Meydanda komandanın əzmkarlığı ən yüksək səviyyədədir. "Qarabağ"ın oyunlarını hər zaman izləyirəm və uğurlarına çox sevinirəm. Ürəyim həmişə onlarladır. İstəsəm də, istəməsən də, orada gözəl illərim keçib".