Infoteka.az
Sosial

Kirayə müqaviləsindən yayınanlara XƏBƏRDARLIQ – “Məhkəməyə müraciət edib...”

“Bakı şəhərində ev sahibi ilə kirayənişin arasında kirayə müqaviləsinin bağlanmaması əsasən iki səbəblə əlaqəlidir”. 

Bu sözləri açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib. Onun sözlərinə görə, əsas səbəb vergi ödənişi ilə əlaqədardır:

“Müqavilə dəyəri Bakı şəhərində 110 manat, aylıq vergi 14 faiz, yəni 42 manatdır. Regionlarda isə bir qədər aşağıdır. Bu da çox yüksək məbləğdir. Buna görə də əvvəllər evini 300 manata kirəyəyə verən şəxs ya qarşı tərəflə müqavilə bağlamayacaq, ya da qiyməti 350 manata qaldıracaq. 

İkinci səbəb isə müqavilədən sonra ortaya çıxan sosial xərclərlə bağlıdır. Belə ki, ev sahibi bu xərcləri ödəməyə məcbur qalır və beləliklə, bütün xərcləri aylıq təxminən 100 manata çatır. Üstəlik, o, VÖEN və bank hesabı açdırmalı, ödənişləri bura etməli və digər əməliyyatları yerinə yetirməlidir”. 

Ekspertin sözlərinə görə, qanunvericilikdə kirayə məsələsində hər iki tərəfin öhdəliyini nəzərdə tutan müddəalar yoxdur: 

“Bu məsələ yalnız kirayə müqaviləsi ilə tənzimlənir. Burda da müqaviləyə xitam verilməsi ilə bağlı tərəflərin hüquqları əks olunub”. 

Bəs problemdən çıxış yolu varmı?

R.Qasımzadə düşünür ki, ilk növbədə müqavilənin dəyəri aşağı salınmalıdır:

“Bu da təxminən 10-20 manat arasında olarsa, hər iki tərəf müqavilənin bağlanmasında maraqlı olacaq. İkincisi isə, 14 faizlik vergi məbləği aşağı salınmalıdır. Bu, digər sahibkarlıq subyektlərinin vergi məbləğinə uyğunlaşdırılarsa, yəni güzəşt 5 faiz dərəcəsinə çatdırılarsa, aşağı məbləğə kirayə verənlər də həm qarşı tərəflə müqavilə bağlayar, həm də vergisini vaxtında ödəməyə maraqlı olar. Bununla da məsələ öz həllini tapacaq”. 

Ekspert qeyd edib ki, problemlərə baxmayaraq, kirayə müqaviləsini bağlayanların sayı kifayət qədərdir:

“Belə ki, əgər aylıq kirayə haqqı 500-600 manatdan yuxarıdırsa, hər iki tərəf müqaviləni imzalayır və bir-birlərinin hüquqlarını tanıyırlar. Bunu da bir çox hallarda hərbçilər, işi ilə bağlı yaşayış yerini tez-tez dəyişənlər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları bağlayır. Ona görə ki, müqaviləni iş yerinə təqdim edir və buna görə əlavə vəsait alır. Ancaq kirayə haqqı bu məbləğdən aşağı olanların əksəriyyəti müqaviləni bağlamaqdan yayınırlar”.

Onun dediyinə görə, müqavilənin bağlanmasının hər iki tərəf üçün bir çox üstünlükləri var: 

“Sahibkar artıq əmindir ki, kirayənişin aylıq ödənişdən imtina edə bilməz. Əgər edərsə, o, məhkəməyə müraciət edə və həmin məbləği geri ala biləcək. Üstəlik, əmlakına dəyən zərərin ödənilməsinə də nail olacaq. 

Kirayənişin üçünsə müqavilənin üstünlükləri ondan ibarətdir ki, ilk növbədə heç kim onu hansısa bir səbəbdən evdən çıxara bilməyəcək. Bu baxımdan da tərəflərdən biri müqaviləni pozmaq istəyərsə, ilk növbədə notariata müraciət etməli və hər iki tərəf bunda iştirak etməlidir. Bu proses də bir çox hallarda kirayə dəyəri yüksək olan müqavilələrdə həyata keçirilir”. 

Ekspert hesab edir ki, evin kirayə müddəti ilə bağlı məsələ müqavilədə öz əksini tapmalıdır:

“Yəni, əgər ev 1 il müddətinə kirayəyə verilirsə, evdə qalan bundan tez evdən çıxa bilməz. Məsələn, Türkiyədə evi 1 illiyə kirayə götürən şəxs 1-2 aydan sonra evdən çıxsa da müddət tamam olana qədər evin haqqını ödəməlidir. 

Ancaq Azərbaycanda belə deyil və hər iki tərəf tez-tez müddətlə bağlı şərtlərə əməl etmək istəmir. Kirayənişin istənilən vaxt, hətta 1 və ya 2 aydan sonra ev sahibinə əvvəlcədən xəbərdarlıq etmədən evdən çıxır. Bu da ev sahiblərini əsaslı şəkildə narahat edir və bir və ya iki aydan ötəri müqavilə bağlamamaq barədə düşünürlər. 

Ancaq hər an baş verə biləcək hadisələrin və ya münaqişələrin qarşısını almaq üçün kirayə müqaviləsinin bağlanması və müddətlə bağlı müddəaların öz əksini tapması zəruridir. Əks halda, hüquq-mühafizə orqanları və məhkəmələr mübahisələri qəbul etməyəcəklər”.
 

Infoteka.az