Ukrayna Avropa İttifaqından martda 4,5 milyard avro, apreldə isə daha 1,5 milyard avro məbləğində maliyyə yardımı alacaq. Maliyyə vəsaiti "Ukrayna Facility" proqramının bir hissəsi kimi verilir.
Bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Ukraynanın Baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı "Ukrayna Facility" mexanizmi çərçivəsində Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro verəcəyini vəd edib.
“4,5 milyard avro həcmində bu yardımın birinci tranşı martda, ondan az sonra, apreldə isə 1,5 milyard avro gələcək”, - deyə Avropa Komissiyasının vitse-prezidenti qeyd edib.
Xatırladaq ki, fevral ayında keçirilən xüsusi sammit zamanı Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə yardımı göstərmək təşəbbüsünü bəyənmişdilər.