Zəngilan rayon kimi 1930-cu ildə təşkil olunmuşdur. "Azərbaycan Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.
Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir.
29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.
Bu sadaladığımız məlumatlar Zəngilanın keçmişidir. Qarabağda olan bütün rayonlar kimi Zəngilan rayonunda da erməni qəsbkarları daşı daş üstə qoymamışlar. Rayonun mərkəzini və kəndlərini talan etmiş, evlərin kərpiclərini sökərək daşımışlar. Bundan əlavə, mədəni abidələrimiz də erməni vandalizminə məruz qalmışdır. Cənab Prezidentin bildirdiyi kimi, "Köhnə Zəngilandan bir şey qalmayıb". Qeyd edib ki, mənfur düşmən demək olar ki, bütün binaları dağıdıb: "Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu".
Sevidirici haldır ki, Zəngilan da Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və rəhbərliyi ilə müzəffər Azərbaycam Ordusu tərəfindən işğaldan azad edildi. Qəhrəman ogullarımız Qarabağımızın azad olunması yolunda şəhid oldular, qazi oldular. Bir azərbaycanlı kimi Şəhid oğullarımızın ruhu qarşısında baş əyir, ailələrinə səbir, qazi qardaşlarımıza Allahdan şəfa diləyirəm. Biz onlara borcluyuq.
Bu gün artıq azad olunmuş Zəngilanda da tikinti-quruculuq işləri uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının geniş istehsalı və emalını təşkil etmək istiqamətində də lazımi işlər görülür. Kənd təsərrüfatı mütəxəssislərinin fikrinə görə, Qarabağ torpaqları öz münbitliyi və məhsuldarlığı ilə seçilir. Bu yolda da Zəngilanda işlər görülməsi nəzərdə tutulur. Yaxın zamanlarda Zəngilan Aeroportu istifadəyə veriləcək.
Ötən il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı. Artıq Ağalı kəndinin sakinləri öz dogma yurdlarına qayıdıblar. Doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək məqsədilə kənd sakinləri üçün təşkil olunmuş biznes təlimləri başa çatıb.
Növbəti mərhələdə isə həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlər müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Bundan sonra vakansiyaların tələblərinə uyğun namizədlərin işlə təminatı həyata keçiriləcək.
Ağalı kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə növbəti mərhələdə orada peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyətin həyata keçirilməsi hədəflənib.
Bu gün Azərbaycanın dünyada öz yeri, öz nüfuzu var. Regionda lider dövlət kimi qəbul edilən vətənimiz inkişaf edən ölkə kimi dünyada da tanınır. İnanırıq ki, Zəngilan da yenidən qurulacaq, müasir zəngin və abad diyara çevriləcək.
Fikrət Quliyev
Suraxanı Rayon Yeni Suraxanı bələdiyyəsinin sədri