Azərbaycan xalqının qədim adət-ənənələrini tərənnüm edən Novruz bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, bir sıra hallarda binaların giriş və həyətyanı ərazilərində, eyni zamanda avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında avtomobillərin nizamsız, pərakəndə şəkildə park edilməsi fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur.
Bununla yanaşı,yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir:
“Qeyd olunanlarla bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, başqa iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir”.
Sosial