Infoteka.az
Sosial

Daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələrin notariat təsdiq qaydası dəyişir

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi qaydası dəyişir.

İnfoteka.az-ın xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Mülki Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə Məcəllənin 148.3-cü bəndi yeni redaksiya verilir. Yeni redaksiyaya əsasən, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunacaq.

Məcəllənin hazırkı bəndi isə belədir:

"Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır".

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Infoteka.az