Infoteka.az
Hərbi

Böyük müharibə yaxınlaşır

Dünya yeni və çox dəhşətli müharibənin astanasındadır. Çoxları yeni münaqişənin hətta Üçüncü Dünya Müharibəsinin başlanğıcı kimi xarakterizə edir. Münaqişə bölgələrinin coğrafiyası isə kifayət qədər genişdir. 

Bəzi ekspertlər Ukrayna-Rusiya münaqişəsinin tezliklə Avropaya sirayət edəcəyini və hətta nüvə müharibəsi mərhələsinə keçəcəyini deyir. Digər münaqişə ocağı isə Yaxın Şərqdədir. Ötən ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə artıq 6 aydan çoxdur ki, davam edir. 

Artıq bu münaqişənin arealı kifayət qədər genişlənib. Faktiki olaraq, bir sıra region ölkələri bu münaqişənin aktiv iştirakçısıdır. Bəzi ekspertlər hesab edir ki, bu münaqişənin Üçüncü Dünya Müharibəsinə də çevrilməsi mümkündür.

Digər bir münaqişə ocağınınsa Cənubi Qafqazda yaradılmasına ciddi cəhdlər var.

Ermənistan dövlətinin başında dayananların məsuliyyətsiz addımları, İran və Gürcüstan kimi ölkələrin qorxunc proseslərin inkişafına loyal münasibəti çox böyük təhlükədən xəbər verir.

Ukraynada və Yaxın Şərqdəki münaqişələrin ölkəmizə ancaq iqtisadi amillərlə təsiri olsa da, Cənubi Qafqazda Qərbin körüklədiyi münaqişə Azərbaycanın sosial-iqtisadi, hərbi-siyasi həyatına birbaşa təsir edə bilər. Nəhayətdə isə Azərbaycan bölgədəki münaqişənin iştirakçısına çevrilər. 

Əslinə qalsa, Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlanmaması təkcə Azərbaycanın, bir qədər də Türkiyənin sayəsində mümkün olub. Çünki Cənubi Qafqazın qlobal güclərin hərbi paliqonuna çevrilməməsi üçün Azərbaycan bütün səylərini səfərbər edib. 

44 günlük müharibədən sonra öz suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa edən Azərbaycanın əsas məqsədi Cənubi Qafqazı “təhlükəsizlik adası”na çevirmək olub. Təbii ki, Azərbaycanın haqlı və ülvi istəyi bəzi güc dövlətlərinin regional maraqlarıyla toqquşub. Ona görə də Qərb və onun regiondakı bəzi əlaltıları hərəkətə keçib. 

Cənubi Qafqazda yeni geosiyasi mənzərə cızmaq istəyən qüvvələr hər vəhclə Azərbaycanın qətiyyətini sındırmaq istəyir. Bu yolda ölkəmizə qarşı müxtəlif çirkin oyunlar qurulur.

Amma Azərbaycan etibarlı və qətiyyətli əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək:

“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq. Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib. O vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir”. 

Azərbaycan liderinin mövqeyi aydın və qətiyyətlidir. 

Azərbaycan regionun qarışmasında və müharibənin yenidən alovlanmasında qətiyyən maraqlı deyil. Əksinə, Azərbaycan regional sabitlikdə və regional inkişafda daha çox maraqlıdır. Təsadüfi deyil ki, 8 dekabr 2020-ci ildə Azərbaycan regional sahitliyə və inkişafa töhfə verəcək “3+3” layihəsini irəli sürdü. Bu layihənin reallaşması təkcə regionun əsas 6 aktoru arasında əlaqələrin dərinləşməsinə yox, həm də regional təhlükəsizlik üçün çox böyük imkanlar yaradır. 

Lakin bəzi region dövlətləri bu layihənin reallaşmasına dəstək vermədi. Bununla da həmin ölkələr qlobal güclərin əlində alət olduqlarını göstərmiş oldular. Çox təəssüf ki, bu acı mənzərə bu gün də davam edir. Nəinki Ermənistan, hətta Gürcüstan və İran Qərbin Cənubi Qafqazda qurduğu çirkin oyunun bir parçasına çevrilir.

Təsadüfi deyil ki, aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında üçtərəfli görüş keçirilidi. Bəzi ekspertlərin rəyinə görə həmin görüşdə üçtərəfli hərbi pakt imzalanıb. Paktınsa mahiyyəti ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun Qərb Ermənistanın vasitəçiliyi ilə Cənubi Qafqaza soxulmaq istəyir. 

Qərb bölgəyə Ermənistanın iqtisadi inkişafına dəstək üçün yox, öz maraqlarına görə gəlir. Qərb Ermənistana soxulmaqla Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq, İrana daha yaxın olmaq və ən əsası regionda yeni geosiyasi mənzərə yaratmaq istəyir. Təbii ki, Qərbin bölgəyə gəlməsi bütün region ölkələri üçün təhlükədir. Çünki Qərb bölgədə yenidən alovlandırmaq istəyir. Bu müharibədə bir tərəf Ermənistandırsa digər tərəfi və tərəfləri müəyyən etmək o qədər də çətin deyil. 

“Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Ölkə Başçısı aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüş Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır: 
"Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür".

Azərbaycan Prezidenti haqlı olaraq deyir ki, Ermənistanı Cənubi Qafqazda silahlı forpost çevirmək cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.

Ona görə də Azərbaycan davamlı şəkildə  ABŞ və Aİ ölkələrini xəbərdar edir. Bir  daha qeyd edirik ki, əgər bu gün Cənubi Qafqazda silahlı toqquşma yoxdursa, insanlar öldürülmürsə, deməli bu Azərbaycanın qətiyyətinin nəticəsidir. Bunun ikinci bir izahı yoxdur.

Infoteka.az