Infoteka.az
Dünya

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərməklə 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Bu barədə "Report” Beynəlxalq Ədalət Məhkəməsinin məlumatına istinadən xəbər verir.

Beynəlxalq Ədalət Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli məcburi qüvvəyə malik olan qərarında belə nəticəyə gəlib ki, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş döyüşlər və erməni hərbçilərin saxlanılması Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır.

Həmçinin qeyd edilir ki, ölkələr arasında yaranmış gərgin vəziyyət 7 dekabr 2021-ci il tarixli qərarda göstərilən tədbirlərin effektiv həyata keçirilməsinin zəruriliyini təsdiq edir: "Bu şəraitdə Məhkəmə həmin tədbirlərin təsdiqini zəruri hesab edir. Hər iki tərəfdən məhkəmə qarşısında mübahisəni ağırlaşdıran, uzada bilən və ya həllini çətinləşdirən hərəkətlərdən çəkinmələri tələb olunur”.

Infoteka.az