Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında Azərbaycanda yol qəzasında xəsarət alan AKP üzvləri ilə bağlı paylaşım edib.
İnfoteka.az xəbər verir ki, o, partiyadaşlarına xoş arzularını çatdırıb.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən AKP sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”, - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Məlumata görə, Binəli Yıldırım və Şamil Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar. AKP sədrinin müavinləri - Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.
Qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.