Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 24-25-də Azərbaycanda dövlət səfərində olacaq.
Bu barədə informasiyanı dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev yayıb.
Onun sözlərinə görə, səfər zamanı Sadır Japarov Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.
Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.
“Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi nəzərdə tutulur, ondan sonra prezidentlərin birgə bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq. Ölkə liderləri Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikintisinin təməlqoyma mərasimində də iştirak edəcəklər”, - Muratbek Azımbakiyev qeyd edib.