Infoteka.az
Sosial

Katalizatoru olmayan AVTOMOBİLLƏR – Sahibini nə qədər CƏRİMƏ GÖZLƏYİR?

Sosial şəbəkələrdə may ayından etibarən katalizatoru olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb. 10 ildir Nazirlər Kabinetinin qərarı ilə ölkəmizə idxal olunan nəqliyyat vasitələrindən atmosfer havasına buraxılan zəhərli maddələr üzrə 2014-cü il aprel ayından etibarən AVRO-4 ekoloji normalar tətbiq olunur. Katalizatoru olmayan və ya müxtəlif səbəblərdən çıxarılan avtomobil isə həmin normalara cavab vermir.

Məlumat üçün bildirək ki, avtomobil katalizatoru mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən qurğudur.

Bəs bu avtomobillərin cərimə məbləği nə qədər olacaq? İstehsalsalçı tərəfindən katalizator qoyulmayan avtomobilləri nə gözləyir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, katalizatorun çıxarılmasının bir çox səbəbləri var:

“Avtomobildə katalizatorun olmaması problem deyil. İstehsalçı zavod tərəfindən bir avtomobildə katalizator qurulubsa, sonradan hansısa sürücünün onu çıxarması qanun pozuntusu sayılır və icbari tənbeh tədbiri seçilməlidir. Belə olan halda məsuliyyət yaranır. Yəni ətraf mühitin qorunması üçün avtomobildə istehsalçı zavod tərəfindən quraşdırılmış sistem kimsə tərəfindən çıxarılıb atılır və yaxud da tamah vətəndaş tamahına görə onu çıxarıb satır.

Çünki onun üstündə qiymətli metallar var, buna görə şirnikləndirici vədlər verirlər. Bəzi servislərdə sürücüləri aldadırlar ki, maşını müayinə elədim və katalizator pis gündədir, onu çıxarsan maşın normal işləyəcək. Sürücü də bildirir ki, əgər bu işə yaramırsa, çıxart. Usta da bundan istifadə edir, onu özünə götürür. Halbuki onu daha normal vəziyyətə gətirmək, təmir etmək olur.

Vətəndaşları aldadan ustalar var.

İnsan ağciyər olmadan nəfəs ala bilmədiyi kimi, avtomobildə də o cürdür. Bu sistem yoxdursa, avtomobil mühərrikdən gələn zəhərli qazları təmizləmədən birbaşa ətraf mühitə atır. Nəticədə zəhərli qazların miqdarı çoxalır, insanlar zəhər udurlar. Hansı ölkədə avtomobil parkı yenidirsə, müasir avtomobillər sürülürsə, orada rahat nəfəs almaq mümkündür.

Pandemiya dövründə bunun şahidi oldum. Sərt karantin dövründə avtomobillər küçəyə çıxmırdılar, şəhərin bir başından digər başı aydın görünürdü. Deməli, bizim ətraf mühitimizi çirkləndirən avtomobillər imiş. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də vurğulayıb ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80 faizi avtomobillərin ixrac etdiyi zəhərli qazlar hesabına formalaşır. Katalizator buna görə lazımdır. İnsanlar məqsədli şəkildə bunu satır, pula ehtiyacı olur, çıxarıb katalizatoru satır”.

O bildirib ki, avtomobilə müdaxilə edib katalizatoru çıxaranlar cərimə oluna bilərlər:

“Artıq may ayıdır, "Təmiz hava" aylığının keçirilməsinə başlanılacaq. Polis də buna görə cərimə yazır. Zərərli qazın miqdarı çoxdursa, 50 manat məbləğində cərimə yazır.

Amma dərindən yoxlasa, katalizatorun olmadığını görsə, konstruksiyanın dəyişdirilməsinə görə 150 manat cərimə oluna bilərlər. Texniki nasazlıq kimi 50 manat cərimə də yaza bilər. Bu, aradan qaldırılması mümkün olmayan xəta deyil. Amma sürücü 1000 manata, 600 manata katalizator alana kimi 50 manat cərimə ilə canını qurtarmağa çalışır”.

Infoteka.az