Mayın 3-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclası keçirilib.
Görüş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) binasında təşkil olunub.
İclasda iştirak edən AZƏRTAC, TASS, BELTA, “Kabar” və “Xovar” agentliklərinin rəhbərləri və onların müavinləri Rusiya Federasiyasının MDB-də sədrliyi ilində əməkdaşlığın perspektiv istiqamətlərini, həmçinin gələn il İkinci Dünya müharibəsinin 80 illik yubileyinin qeyd edilməsinə hazırlıq üzrə peşəkar qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, İnformasiya Şurasının Bakıda keçirilən hazırkı iclası sayca beşincidir. Onun sözlərinə görə, AZƏRTAC Birliyə üzv dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: “MDB çərçivəsində informasiya sahəsində tərəfdaşlıq əlaqələrin inkişafında, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, humanitar əməkdaşlıq sahəsində qarşıya qoyulmuş vəzifələrin həllində aparıcı yerlərdən birini tutur. İnformasiya Şurasının təşəbbüsü ilə qurumlarımızın indiyədək həyata keçirdiyi birgə layihələr ortaq dəyərlərin qorunmasına, xalqlarımızın mədəniyyətinin və turizm imkanlarının təşviqinə yönəlib”.
MDB Baş katibinin müavini Denis Trefilov MDB İcraiyyə Komitəsinin rəhbərliyi adından iclas iştirakçılarını salamlayaraq qonaqpərvərliyə, Bakıda toplaşmaq, fikir mübadiləsi aparmaq və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə kömək edən tədbirləri işləyib hazırlamaq imkanına görə AZƏRTAC-a təşəkkürünü bildirib və əlavə edib ki, dövlət xəbər agentlikləri cəmiyyətin və vətəndaşların aktual və etibarlı xəbərlərlə təmin olunmasında əsas rol oynayır.
İdarə Heyətinin sədri Vüqar Əliyev Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan həmkarlarını iyulun 22-də Azərbaycanın Şuşa şəhərində keçiriləcək Qlobal Media Forumunda iştirak etməyə dəvət edib. O qeyd edib ki, Forum çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının birinci iclasının keçirilməsi də nəzərdə tutulur.
Tədbirdə MDB İnformasiya Şurasının sədri, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Andrey Kondraşov, Belarus Teleqraf Agentliyi - BELTA-nın baş direktoru İrina Akuloviç, Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Mederbek Şermetaliyev, Tacikistan Respublikasının “Xovar” Milli İnformasiya Agentliyinin direktoru Subhiddin Şamsiddinzoda və TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış ediblər.