Infoteka.az
Siyasət

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini Andrey Belousov mayın 3-də Moskvada, Hökumət Evində Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsində inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin aprelin 22-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmalara uyğun olaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə bağlı prioritet vəzifələr nəzərdən keçirilib.

Ş.Mustafayev və A.Belousov Azərbaycanın və Rusiyanın dəmir yolları ilə yüklərin sabit qaydada daşınmasını təmin etmək üçün zəruri tədbirlərin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Müzakirələrin yekunlarına əsasən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu daşımalarının və infrastrukturunun inkişafı üçün zəruri normativ hüquqi bazanın yaradılması üzrə Birgə fəaliyyət planı təsdiq edilib.

Danışıqlar konstruktiv və dostluq şəraitində keçib.

Infoteka.az