Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələrin kanserogen maddələr yaydığı müəyyən edilib.
“Forbes” jurnalının məlumatına görə, alimlər apardıqları araşdırmada ABŞ-ın 30 ştatında 2015-2022-ci illər arasında istehsal olunan modellərdəki 101 elektrik, benzinli və hibrid avtomobili araşdırıblar.
Alimlər avtomobilin havasını araşdırarkən avtomobil oturacaqlarında alovun yayılmasının qarşısını almaq və ya yavaşlatmaq üçün istifadə edilən alov gecikdiricilərin kanserogen maddələr yaydığını ortaya çıxarıblar.
Nəqliyyat vasitələrdəki alov gecikdiricilərin tərkibində olan kimyəvi maddələrə işarə edən tədqiqatçılar sürücülərin xüsusilə yay aylarında bu kimyəvi maddələrə daha çox məruz qaldığını bildiriblər.
Kimyəvi maddələrin artan temperaturla havaya sızdığı üçün reproduktiv və nevroloji problemlər yarada biləcəyini qeyd edən alimlər sağlamlıq risklərini azaltmaq üçün səlahiyyətliləri avtomobillərdə alov gecikdiricilərin istifadəsini qadağan edən qaydalar hazırlamağa çağırıblar.
Qeyd edək ki, avtomobillərin yanmasının qarşısını almaq üçün ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) 1970-ci ildə avtomobil istehsalında alov gecikdiricilərin və ya yanmağı çətinləşdirən kimyəvi maddələrin istifadəsini tələb edib.
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub.