Yeni və mövcud ticarət dəhlizləri Azərbaycanda növbəti onillikdə investisiya artımının mühüm sahəsi olacaq.
Bu barədə "Fitch Solutions" (FS) şirkətinin hesabatında qeyd edilib. FS analitikləri hesab edir ki, Şimal-Cənub və Orta Dəhliz boyunca əhəmiyyətli ticarət infrastrukturunun inkişafı ixracı və tranzit ödənişlərindən dövlət gəlirlərini artıra bilər.
Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta Dəhliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına səbəb olub: "Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq".
Bundan əlavə, Rusiya İranla ticarəti artırmaq və cənuba əmtəə ixracını artımaq üçün Şimal-Cənub dəhlizi boyunca infrastrukturun yaxşılaşdırılmasında maraqlıdır: "Həqiqətən də, 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər Azərbaycan və İran arasında dəmir yolu yükdaşımaları 28% artıb, Rusiyadan Azərbaycana idxal da illik müqayisədə 16% artaraq 3,2 milyard ABŞ dollarını keçib. Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında strateji kəsişmə nöqtəsində yerləşən coğrafi mövqeyi onun Qoşulmama Hərəkatının sədri kimi geosiyasi mövqeyini təqdir edir. Məsələn, 2017-ci ildən tikintisi davam etdirilən Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun 2023-cü ilin oktyabrında açılışı olub, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsi işləri 2024-cü ildə başa çatdırılıb".
FS-nin açıqlamasında həmçinin qeyd edilib ki, dəyişikliklər, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz marşrutu ilə yükdaşıma qabiliyyətini beş dəfə artıracaq: "Biz bununla bağlı sabit sərmayənin əvvəlki onillikdəki 3% azalmadan, növbəti beş ildə orta hesabla illik 6,3% artacağını proqnozlaşdırırıq".