Bu mövsüm Premyer Liqaya yenidən qayıdan “Araz Naxçıvan” çempionata fırtına kimi başlasa da, sonradan işləri qaydasında getmədi.
Cari “futbol ili”nin əvvəlində Azər Bağırovun sayəsində bir sıra vacib qələbələr qazansalar da, sonradan düşüş yaşadılar. Qış fasiləsindən sonrakı nəticələrə görə isə rəhbərlik mütəxəssislə yolları ayırdı.
Hazırda Elmar Baxşıyevin çalışdırdığı Premyer Liqa təmsilçisi yeni problemlə üzləşib.
Offsideplus.az-a daxil olan məlumata görə, Muxtar Respublika təmsilçisi FIFA tərəfindən cəzalana bilər. Buna səbəb komandanın üzvü Vanderson Melodur. Bildirilir ki, yarımmüdafiəçi “Araz Naxçıvan”a keçməmişdən öncə Livanın “Rasinq” klubu razılaşıbmış. Beyrut təmsilçisi ilə ilkin müqavilə imzalanıb. Daha sonra “Araz Naxçıvan”ın artıq maaş təklif etməsi futbolçunun razılaşmasına səbəb olub.
Razılaşmanı təktərəfli ləğv edən braziliyalı “qırmızı bəyazlar”la yeni müqavilə imzalayıb. Beyrut təmsilçisi isə məsələ ilə bağlı FİFA-ya şikayət ünvanlayıb. “Rasinq” “Araz Naxçıvan”ın 65 min dollar ödəməsini tələb edir. Əgər məsələ öz həllini tapmasa, FİFA Muxtar Respublika təmsilçisinə 1 mövsümlük transfer cəzası verəcək, braziliyalını isə altı aylıq futboldan kənarlaşdıracaq.
Məsələ ilə bağlı “Araz Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubov məlumatı təsdiqləyib:
“Bəli, Vanderson Melo ilə bağlı belə problem var. Futbolçu bizə təqdim etdiyi məlumatlarda Livan təmsilçisi ilə müqavilə imzaladığını bildirməyib. “Rasinq” FIFA-ya müraciət edib. Bu məsələ ilə Vandersonun vəkili maraqlanır. Braziliyalı hüquqşünas bu işlə məşğul olur.
Vanderson bildirir ki, Livan klubunun iddiası əsassızdır. Futbolçunun TMS məlumatlarında da “Rasinq”lə müqavilə olduğu göstərilməmişdi. Son oynadığı yer olaraq Litvanın “Panevijis” klubu göstərilmişdi. FIFA-da araşdırma davam edir.
Qərarın nə olacağını bilmirik. Bu işi nəzarətdə saxlayırıq. FİFA-nın nə zaman qərar verəcəyi də bəlli deyil. Amma düşünürəm ki, bu məsələ ilə bağlı araşdırma uzun çəkəcək. Yəni, qərar tez verilməyəcək. Bizim bu məsələyə aidiyyatımız yoxdur. Yenə deyirəm, oyunçunun TMS məlumatlarında “Rasinq”lə bağlı məlumat yox idi”.