Mayın 11-13-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bəri başdan qeyd edək ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. 1990 və 1991-ci illərdə keçirilən bu festival 1992-ci il mayın 15-də də təşkil olunmalı idi. Lakin həmin ilin 8 mayında Qarabağın baş tacı Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını keçirmək mümkün olmayıb. Xarıbülbülün yurdu Şuşasız artıq bu festivalın önəmi də qalmamışdı. Bir də axı Şuşasız bu festivalı necə keçirmək olardı? Elə bu səbəbdən Şuşa çal-çağırlı günlərinə qayıtmaq üçün uzun illər hərbi-siyasi əsarət altında həsrətlə gözləməli olub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsindən sonra ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı yenidən Şuşa şəhərində təşkil edilib. Bununla da həsrət qaldığımız Cıdır düzündə dünya yenidən əvəzsiz mədəni irsimizin şahidi olub. Yəni, uzun fasilədən sonra 2021-ci il mayın 12-13-də Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” festivalı keçirilib və doğma Şuşadan “Qarabağ şikəstəsi” havalanıb. Həmin festivalın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xarıbülbül" musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub: “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək". Özü də Cıdır düzündə keçirilən IV festivalda ölkəmizin regionlarını və milli azlıqları təmsil edən folklor kollektivləri çıxış ediblər. Bu da səbəbsiz deyildi. Axı Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. O vaxtdan da hər il bu festival təşkil olunur.
Bəli, Vətən müharibəsindən sonra artıq dördüncü ildir ki, ürəklərimizin nəbzi mədəniyyət paytaxtında – Şuşada döyünəcək. “Xarıbülbül” musiqi festivalında ifa edilən hər bir mahnı Cıdır düzündən yeni bir ahənglə dağlarda, qayalarda, Topxana meşəsində əks-səda verəcək. Onların artıq sağalmaqda olan yaralarına məlhəm olacaq.
Bu il keçiriləcək VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı daha möhtəşəm olacaq. Belə ki, beynəlxalq festivalda müxtəlif musiqi janrlarında konsert proqramları, rəngarəng sərgilər, eləcə də müxtəlif təqdimatlar nümayiş etdiriləcək. Yeri gəlmişkən qeyd edək ki, ötən il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilib. Prezident İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu isə o deməkdir ki, builki festival iştirakçıları arasında həm də İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatına (ICESCO) üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər də yer alacaqlar. Bu da sözügedən festivalın İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə işarə edir. Bu, həm də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsinin, multikulturalizm və tolerantlıq ənənələrinin musiqi vasitəsilə canlı təcəssümünə çevrilməsini bir daha təsdiq edəcək. Bu mənada “Xarıbülbül”ü həm də Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinin rəmzi kimi də dəyərləndirmək olar.
Xalq artisti Mənsum İbrahimov mövzu ilə bağlı açıqlamasında hələ də 2021-ci ildə keçirilən festivalın təəssüratları ilə yaşadığını vurğuladı. Bildirdi ki, o gün Şuşa, bütövlükdə Azərbaycan mənə daha çox sevincli görünmüşdü: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar mənbəyi, mədəniyyətimizin, tariximizin rəmzi kimi xarakterizə etdiyi Şuşada bu festivalın mütəmadi keçirilməsi məmləkətimizin başdan-başa mədəniyyət beşiyi olmasını bir daha təsdiq edir. Bəli, Şuşa hamı üçün əzizdir. Ümummilli Liderin bildirdiyi kimi, amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir: “Heç vaxt biz Laçınsız yaşaya bilmərik”. Bu baxımdan festivalın Həkəri çayı ətrafında davam etdiriləcəyi tamamilə məntiqlidir, həm də sevindiricidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza və rəşadətli ordumuza daim minnətdarıq! Qarabağ Azərbaycandır! Onu da əminliklə deyirəm ki, Şuşa bu yaxınlarda musiqi ilə bağlı digər tədbirlərə də ev sahibliyi edəcək”. Müsahibimiz, həmçinin qeyd etdi ki, xarıbülbül dünyanın ən nadir çiçəklərindən biridir: “Şuşanın simvoluna, Zəfər rəmzimizə çevrilən bu çiçək həm də ənənəvi musiqi festivalının adı kimi əbədiləşdirilib. Bu mənada “Xarıbülbül” dünyada çiçək adı ilə adlandırılan nadir festivallardandır”.
Qeyd edək ki, mayın 11-də Cıdır düzündə “Şuşa -İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. Bununla da bu il 35 yaşını qeyd edən festivalla tariximizin daha bir şanlı səhifəsinə imza atılacaq.