Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun sürən müharibəyə hazırlığı gücləndirmək və NATO ilə gələcək qarşıdurmaya hazırlaşmaq üçün Sergey Şoyqunu Andrey Belousovla əvəz edib.
Bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında qeyd olunub.
Ekspertlər hesab edirlər ki, Putin iqtisadiyyat və müdafiə sənayesi bazasının səfərbər edilməsi istiqamətində mühüm addımlar atır. Bu baxımdan iqtisadiyyat və innovasiya layihələrinin idarə edilməsi sahəsində təcrübəsi olan Belousov bu prosesdə əsas fiqur ola bilər.
Hesabatda xatırladılıb ki, Belousov on ilə yaxın federal hökumətdə iqtisadiyyat naziri vəzifəsində çalışıb. 24 fevral 2022-ci ildən sonra o, Kremlin iqtisadiyyatını müharibə şəraitinə yönləndirməyə kömək edib.
Bu müddət ərzində Belousov müdafiə sənayesi və PUA-lar sahəsində müxtəlif yerli innovativ layihələrin idarə edilməsində iştirak edib.
Bu da onun çətin vəziyyətdə olan Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə gətirilməsinə təkan verib.