Infoteka.az
Sosial

Mincivan qəsəbəsinə ilk mərhələdə 3146 nəfər köçürüləcək

Mincivan qəsəbəsi Zəngilanın ən böyük yaşayış məntəqlərindən biridir. Ərazisindən magistral dəmir və avtomobil yolları keçdiyinə görə strateji cəhətdən böyük əhəmiyyətə malik olub. Mincivan qəsəbəsi də işğal zamanı tamamilə dağıdılıb. Lakin 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı digər torpaqlarımız kimi, Mincivan qəsəbəsi də azadlığına qovuşub.

Mayın 18-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan qəsəbə müasir standartlara uyğun olaraq qurulacaq.

Mincivan qəsəbəsi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Qəsəbənin yenidən qurulması haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, qəsəbənin sahəsi 301,51 hektar olacaq:

"2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub.

Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. 

Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, Bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub.

 

Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.

Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi planlaşdırılır".

Infoteka.az