"Zəngilandan qabaq Füzuli hava limanına uçan ilk mülki təyyarənin kapitanı da mən olmuşdum".
Bunu "Report"un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında "Khankendi" təyyarəsinin kapitanı Rasim Qəhrəmanov deyib.
Hava gəmisinin pilotu yeni açılmış aeroporta ilk uçuşla bağlı hisslərini bölüşüb: "Çox məsuliyyətli və həyəcanlı vəzifədir. Fəxr edirəm ki, bu iş məhz mənə həvalə olunub".
Rasim Qəhrəmanov təyyarənin adının simvolik olduğunu da vurğulayıb: "AZAL tərəfindən xüsusi olaraq bu reys üçün adı "Khankendi" olan təyyarə ayrıldı. Düşünürəm ki, bu, özü çox maraqlı jestdir".
İşğaldan azad olunan torpaqlarda, əhalinin ilk məskunlaşdığı ərazidə, Ağalıda birinci böyük idman turniri haqqında da fikirlərini bölüşən pilot yarışları həyəcanla izlədiyini qeyd edib: "Mübarizəni maraqla izlədim. Xüsusilə cənab nazir Fərid Qayıbovun yarışdakı çıxışı xoşuma gəldi. Belə tədbirlərin tez-tez keçirilməsi maraqlı olacaq".
Qeyd edək ki, bu gün Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
Rayonun Ağalı kəndində keçirilən “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.