Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 İyun tarixli Sərəncamı ilə 18 İyun tarixi ölkəmizdə İnsan hüquqları günü kimi təssis olunub.
Ənənəvi olaraq hər il olduğu kimi qarşıdan gələn bu əlamətdar gün ərəfəsində cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may - 18 iyun tarixləri Ombudsman tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilmişdir.
Xəbər verdiyimiz kimi “İnsan Hüquqları Aylığı” çərçivəsində əhalinin maarifləndirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və bələdiyyələrində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların təşkilatçılığı ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilib.
İlk olaraq "Qadın hüquqları, müasirlik və Azərbaycan" mövzusunda maarifləndirici tədbir iyunun 10-da təşkil olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Könül Axundova çıxış edərək qeyd edib ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği, onlara yüksək imtiyazların verilməsi Ümummilli Lider Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılmış imkanların zaman - zaman genişləndirilməsi dövlət başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərində dayanır. Bu gün Birinci vitse - prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir. Müxtəlif beynəlxalq idman yarışlarında, olimpiadalarda üçrəngli bayrağımızı yüksəklərə qaldırır, qızıl medallar qazanır. Azərbaycan qadını UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfə nail olur.
“12 İyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü” çərçivəsində “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzusunda tədbir iyunun 11-də keçirilib.
Tədbirdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və layihələr həyata keçirilir.
İyunun 12-də “Məişət zorakılığı – fiziki, psixi, iqtisadi və cinsi zərərlər” və “İntihar - yeniyetmə və gənclər arasında aktual problem kimi“ mövzularında növbəti tədbirlər keçirilib.
Tədbirlərdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqına ətraflı məlumat vermiş, eləcə də yeniyetmə, gənclər arasında intiharın səbəbləri, mübarizə yolları haqqında müzakirələr aparmış və qeyd etmişdir ki, yeniyetmələrə, gənclərimizə dəstək olmalıyıq, onları bu yoldan çəkindirmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Son olaraq "Erkən nikaha daxil olma, onun hüquqi və tibbi fəsadları" və "Vətəndaş cəmiyyəti və gender problemi" mövzularında maarifləndirici tədbirlər iyunun 13-də təşkil olunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək dövlətimiz tərəfindən Erkən nikaha daxil olmalara qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirib. Vətəndaş cəmiyyəti və gender probleminin yaratdığı fəsadları qeyd edən RİH başçısının müavini maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə çatdırıb.
Qeyd olunan silsilə tədbrilərdə Suraxanı RİHBA-nın nümayəndələri, Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə profilaktiki bölməsinin rəisi Əfqan Ağayev, Hüquq üzrə fəlsəfə doktoru, Dosent, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin müəllimi Əlövsət Allahverdiyev, qəsəbə bələdiyyə sədrləri İxdiyar Nəcəfov, Abdulla Məmmədov, Cəmilə Ağayeva, Elburus Xəlilov, Natiq Həsənov, Fuad Rəhimov, Şəhid ailələri müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, 43 saylı şəhər poliklinikasının baş həkimi Ramella Quliyeva, 30 saylı tibb ambulatoriyasının baş həkimi Gülşən Yusubova, şəhid Muxtar Qasımlının valideynləri, İctimai Şuranın sədri Rəşid Məmmədov, din xadimi Allahverən Məmmədzadə, məktəb direktorları, məktəb müəllimləri və şagird kollektivi və digər qonaqlar iştirak ediblər.
Tədbirlərdə mövzu ilə bağlı prezentasiyalar, videoçarxlar, eləcə də şagirdlərin təqdimatında səhnəciklər və rəqslər nümayiş olunub, ifalar səsləndirilib.