Infoteka.az
İqtisadiyyat

Taxta materialları bahalaşdı

Məlumdur ki, yaz-yay aylarında inşaat sektorunda xüsusi canlanma olur. Bu canlanma da təbii ki, tikinti materiallarının qiymətinə də öz təsirini göstərir. Xüsusilə də idxal olunan taxta materiallarında qiymət artımı olur.

Bəs hazırda taxta bazarında vəziyyət necədir?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli cavab verib. O, açıqlamasında bildirib ki, hazırda taxta bazarında qiymətlərin artması müşahidə olunur:

“Belə ki, 18-lik diktlər 33-34,17-liklər isə 32-33 manata satılır. Yanvardan bəri bu taxta məhsullarının qiyməti 10 manata yaxın bahalaşıb. Halbuki, yanvarda bu məhsullar 23-25 manata satılırdı. 

Taxtanın da qiymətində bahalaşma müşahidə olunur. Belə ki, 5-lik taxtanın kubmetri 340, 3-lük taxtanınsa kubmetri 350 manatdır. Halbuki, yanvarda bu taxtaların bir kubmetrinin qiyməti müvafiq olaraq 320 və 330 manata olub. 10x10 ölçüsündə taxtanın kubmetrinin satış qiyməti isə 420 manatdır. Bu taxtanın qiyməti də son 6 ayda 50 manata yaxın bahalaşıb”.

Müsahibimiz qiymət artımının səbəblərindən də danışıb:

“Qiymət artımının səbəblərindən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlıdır. Bilirsiniz ki, Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti-abadlıq işləri gedir. Təbii ki, artan tələbat da təklifi üstələyir. Ona görə də taxta materiallarının qiyməti artır. Bundan əlavə, insanlar əsasən yay aylarında mənzillərində təmir işləri aparırlar. Bu da bazarda tələbatı artırır. Amma qiymət artımı uzun müddətli deyil. Sentyabrdan sonra taxta materiallarının qiymətində enmələr olacaq”.
 

Infoteka.az