Infoteka.az
Mədəniyyət

Bu gün Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissoru, RSFSR-in əməkdar artisti Yevgeni Morqunovun anım günüdür

Bu gün Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissoru, RSFSR-in əməkdar artisti Yevgeni Morqunovun anım günüdür. 

Yevgeni Morqunov 27 aprel 1927-ci ildə Moskvada (Rusiya) anadan olub. Uşaqlığı ağır keçib. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlayıb. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasına köməklik göstərməyini xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına Teatr Məktəbinə qəbul olur. Düz bir il orada təhsil alandan sonra Kinematoqrafiya İnstitutuna gedir və Sergey Gerasimovun aktyor kursuna daxil olur. 1948-ci ildə oranı bitirir və 1948-1951-ci illərdə "Kinoaktyor teatr-studiyası"nda çalışır. İlk aktyor işi Morqunovu hər kəsə tanıtdırır. 1948-ci ildə çəkilmiş "Gənc qvardiya" filmində çəkilən Morqunov ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Filmin rejissoru Sergey Gerasimov idi. Yevgeni Morqunov 1999-cu ildə vəfat edib. Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınıb.

Ötən əsrin 50-ci illərində də bir çox müxtəlif filmlərdə rol alan Morqunovu geniş xalq kütləsi Çoxbilmiş obrazı ilə tanıdı və sevdi. Bu surət rejissor Leonid Qaydayın "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış", ""I" əməliyyatı və Şurikin başqa macəraları" və "Qafqaz əsiri" filmlərinin obrazı idi.

Aktyor uzun illər şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, alkoqolu bir kənara qoymur. Və bu Morqunova 2 infarkt, eləcə də insult gətirir. Beləcə, Yevgeni Morqunov 25 iyun 1999-cu ildə vəfat edir.

Infoteka.az