Infoteka.az
İqtisadiyyat

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açıldı

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.

Çinin ən inkişaf etmiş bölgələrindən olan Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən iyunun 28-də ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan vasitəsi ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.

Yeni marşrutun operatoru olan “Nanjing International Freight Train” şirkətinin açıqlamasında deyilir ki, qatar məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarətdir.

Şirkətin məlumatına görə, il ərzində Nankindən Mərkəzi Asiyanın 5 ölkəsinə - Türkiyə, Rusiya, Belarus, Polşa və Almaniyaya 100-dən çox yük qatarı yola salınıb. Bu, ötən illə müqayisədə 70 faiz çoxdur.

“Çin dəmir yolu qrupu” Çin - Avropa qataraları üçün 87, Çin - Asiya qataraları üçün 39 marşrut müəyyən etdiyini, Transxəzər beynəlxalq nəqliyyat dəhlizi boyunca Çin - Avropa və Çin - Asiya qatarlarının hərəkətini təşkil etməkdən ötrü səylərini artırdığını açıqlayıb. Bundan əlavə, Çin - Avropa qatar cədvəli genişləndirilib. 

Qeyd edək ki, Çindən Avropaya və əks istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin birinci rübündə Çinlə Avropa arasında yükdaşımalar həyata keçirən qatarların sayı 10 faiz çoxalaraq 6184-ə çatıb. 

Bununla da 2011-ci ildə başlanan Çinlə Avropa arasında dəmir yolu ilə yük daşımada rəqəmlər indiyədək 90 mini ötüb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. 

Hazırda Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan – Gürcüstan - Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.

Infoteka.az