Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımının bəşəriyyət tarixinə düşən qara ləkə olduğunu deyib.
Türkiyə lideri Srebrenitsa soyqırımının 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirin iştirakçılarına video müraciət ünvanlayıb.
Qəzza məsələsinə də toxunan Türkiyə Prezidenti deyib: “Bu gün Fələstin xalqı Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında Srebrenitsada yaşananlara oxşar bir vəhşiliyə məruz qalır. Beynəlxalq qurumlar və təşkilatlar 29 il əvvəl olduğu kimi bu gün də 16 mini uşaq olmaqla 40 minə yaxın günahsız insanın qətlə yetirilməsinə reaksiya göstərmir. Qəzzada törədilənlərə görə məsuliyyət daşıyanlar gec-tez Srebrenitsada olduğu kimi beynəlxalq hüquq qarşısında cavab verəcəklər”.
Bosniya və Herseqovinada hələ də soyqırımı inkar edənlərin olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Bosniya və Herseqovinaya dəstək verməyə davam edəcəyini qeyd edib.
“Türkiyə Bosniya və Herseqovinanın sabitlik, sülh və rifah hövzəsinə çevrilməsi üçün üzərinə düşəni etməyə davam edəcək. Bosniya və Herseqovinanın ərazi bütövlüyü, siyasi birliyi və suverenliyinə qeyd-şərtsiz dəstəyimizi hər zaman davam etdirəcəyik. Bosniya və Herseqovinada daimi sülh və sabitliyi qorumaq üçün hər cür nifrət nitqini arxada qoymalı, sülh, tolerantlıq və sülh mədəniyyətini yaymaq üçün yollar axtarmalıyıq”, - deyə Türkiyə Prezidenti qeyd edib.