Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması bu gün heç vaxt olmadığı qədər yaxındır. Çünki sülh sazişinə mane olan əsas problemlər artıq həllini tapıb. Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü təmin edib. Həmçinin, Qarabağda separatçı rejimin varlığına son qoyulub.
Rəsmi Bakının mövqeyinə görə, indi sülh sazişinə mane olan əsas amil Ermənistan konstitusiyasında öz əksini tapmış Azərbaycana qarşı ərazi iddialarıdır.
Ümumiyyətlə, Ermənistanda keçirilən son sorğular bu ölkədə revanşizm meyillərinin gücləndiyini göstərir. Mahiyyət etibarilə, aydın görünür ki, etibarlı təminatlar olmadan Ermənistanla davamlı sülhə getmək mümkün olmayacaq.
Qərb, xüsusilə ABŞ və Fransa sözdə sülhü dəstəklədiklərini desələr də, əməldə bunun əksini edirlər. Paris və Vaşinqtonun İrəvanla bağlı siyasəti aydındır: onu şirnikləndirməklə öz tərəfinə çəkmək, özündən asılı vəziyyətə salmaq. Bundan sonra isə Qərb Ermənistan vasitəsilə özünün regional maraqlarını təmin etməyə çalışır.
Regional əməkdaşlıq mühitinin təmin olunması Qərbin maraqlarına cavab vermir. Çünki bu, perspektivdə üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Elə buna görə də bəzi aktorlar Ermənistana təzyiq və təhriklər vasitəsilə regional gərginliyin qorunmasına çalışırlar.